Krım lideri Sergey Aksyonov Simferopolda qeyri-yaşayış obyektlərinə dron hücumu nəticəsində üç nəfərin öldüyünü, yeddi nəfərin isə yaralandığını bildirib.
Gündəm24.az xəbər verir ki, Krımda gecə boyu davam edən genişmiqyaslı dron hücumları ağır itkilərlə nəticələnib. Simferopolda qeyri-yaşayış obyektlərinə endirilən zərbələr zamanı üç nəfər həlak olub, yeddi nəfər yaralanıb. Daha sonra Azovskoye–Kerç marşrutu üzrə hərəkət edən şəhərətrafı qatarın da pilotsuz uçuş aparatı ilə vurulduğu, nəticədə bir nəfərin öldüyü, üç nəfərin isə xəsarət aldığı bildirilib.
TASS-ın yaydığı məlumata görə, Rusiya hava hücumundan müdafiə qüvvələri təkcə bir gecə ərzində ölkənin müxtəlif bölgələri, eləcə də Krım, Azov və Qara dəniz üzərində Ukraynaya məxsus 272 pilotsuz uçuş aparatını vurub. Dronların Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kursk, Nijni Novqorod, Orel, Rostov, Ryazan və Tambov vilayətləri üzərində məhv edildiyi açıqlanıb.
Krım rəhbəri Sergey Aksyonov bildirib ki, Simferopoldakı hücumdan sonra hadisə yerinə operativ xidmətlər cəlb olunub. Hava hücumu təhlükəsi səbəbindən dəmir yolu nəqliyyatında da ciddi problemlər yaranıb. Krıma gedən və Krımdan çıxan 12 sərnişin qatarı gecikib, bəzi istiqamətlərdə hərəkət tam dayandırılıb. Gecikmələrin müddəti iki saatdan 7,5 saata qədər dəyişib.
Sevastopolda isə vurulan dronların qalıqları yaşayış məntəqələrinə düşüb. Frutkovoye kəndində fərdi evə ziyan dəysə də, tələfat qeydə alınmayıb. Şəhər üzərində 20 pilotsuz aparatın vurulduğu bildirilib.
Hücumlar yalnız Krımla məhdudlaşmayıb. Bryansk vilayətinin sərhəd kəndlərindən birində dron hücumu nəticəsində bir qadın yaralanıb, yaşayış binasına zərər dəyib.
Beləliklə, son sutkada Krım və Rusiyanın müxtəlif bölgələrinə edilən genişmiqyaslı dron hücumları nəticəsində azı 4 nəfər həlak olub, 11 nəfər yaralanıb. Hadisələrin bölgədə gərginliyi daha da artırdığı bildirilir.
Sədaqət Həsənova













