Havalar isinən kimi günəş şüalarının dəriyə təsiri daha da artır. Dermatoloqların sözlərinə görə, günəşin ultrabənövşəyi şüaları dərinin vaxtından əvvəl qocalmasına, ləkələrin yaranmasına və müxtəlif dəri problemlərinə səbəb ola bilər.
Bu səbəbdən günəş kremlərindən yalnız yayda deyil, qış aylarında da istifadə olunması tövsiyə edilir.
Bəs, keyfiyyətli günəş kremini necə seçmək olar? Məhsulun tərkibində hansı maddələrə diqqət edilməlidir? Uşaqlar üçün günəş kremi istifadəsinə neçə yaşdan başlamaq lazımdır?
Məsələ ilə bağlı dermatoloq Cavad Paşabəyli Sfera.az-a açıqlama verib. Mütəxəss günəş kremlərinin istifadəsini nə üçün vacib olduğunu vurğulayaraq, faydaları və istifadə qaydalarına aydınlıq gətirib:

“Günəş kremlərindən əsasən dərimizi günəş şüaları olan ultraviolet A və ultraviolet B şüalarının yan təsirlərindən və əlavə təsirlərindən qorumaq üçün istifadə edirik. Burada diqqət edilməli əsas məqamlar var. Bu ultraviolet A və B şüaları əsasən dərinin tez qocalmasına, qırışların əmələ gəlməsinə, müxtəlif hiperpigmentasiyalara, yanıqlara və dəridə qızartıların yaranmasına səbəb olur. B forması isə daha riskli hesab olunur və hətta dəri xərçənginə qədər gətirib çıxara bilir. Ona görə də günəş kremi seçərkən əsas diqqət ediləcək nüanslardan biri dərini qıcıqlandırmayan, tərkibində kimyəvi əsasları az olan məhsulların seçilməsidir. Daha çox mineral tərkibli günəş kremlərinə üstünlük verilir. Çünki mineral tərkibli günəş kremləri günəş şüalarını əks etdirir. Kimyəvi tərkibli kremlər isə günəş şüalarını udaraq dərini qoruyur. Bu isə bəzi hallarda tərkibinə görə dəridə qıcıqlandırıcı yan təsirlərə, kontakt dermatit kimi problemlərə səbəb ola bilir. Buna görə də mineral tərkibli günəş kremlərinə daha çox üstünlük vermək lazımdır”.
C.Paşabəyli günəş kremi seçərkən hansı nüanslara diqqət yetirilməli olduğunu və uşaqlar üçün ən uyğun SPF-in hansı olduğunu qeyd edib:
“Günəş kremi seçərkən dərinin tipini bilmək də çox önəmlidir. Əgər üz nahiyəsində sızanaqlı bir xəstəlik varsa və günəş kremindən istifadə olunmalıdırsa, daha çox mineral tərkibli, məsamələri tıxamayan və sırf sızanaqlı dərilər üçün uyğun olan kremlər seçilməlidir. Belə hallarda ətirsiz, hər hansı kənar qatqısız, iysiz və qoxusuz günəş kremlərindən istifadə etmək məsləhətdir. Allergiyaya meyilli və həssas dərilər üçün də eyni qaydada mineral tərkibli günəş kremlərinə üstünlük verilməlidir. Günəş kremi istifadə edərkən diqqət olunmalı məqamlardan biri də onun tətbiq vaxtıdır. Günəşə çıxmazdan əvvəl və ya evdən bayıra çıxmadan təxminən 15-20 dəqiqə öncə günəş kremi çəkilməlidir. Günəş kreminin dərini maksimum qoruma funksiyası təxminən 3-4 saat davam edir. Bu müddətdən sonra isə krem yenidən tətbiq olunmalıdır. Uşaqlarda əsasən SPF 30+ günəş kremlərindən istifadə olunur. Bu kremlərin 6 aydan sonra istifadəsi məsləhətdir. Böyüklər üçün isə SPF 50+ və 70+ günəş kremlərindən istifadə olunur. Lakin bunlar arasında ən çox istifadə edilən və uyğun hesab olunan SPF 50+ günəş kremləridir”.














