Sumqayıt şəhərində bəzi işıqforlarda saniyəölçənlərin ləğvinə başlanılıb. Oxşar halın Bakının bir sıra ərazilərində də müşahidə olunduğu bildirilir.
Bakupost.az xəbər verir ki, dəyişiklik cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Vətəndaşların bir qismi saniyəölçənlərin piyadalar üçün daha rahat və təhlükəsiz keçid imkanı yaratdığını bildirərək onların ləğvinə etiraz edib. Digər şəxslər isə bu addımı düzgün hesab edir. Onların fikrincə, bəzi sürücülər işıqforun son saniyələrində sürəti artıraraq keçməyə çalışır ki, bu da qəza riskini artırırdı.
Vüsalə Rüstəmova yazır: “Piyada üçün çox lazımlı idi. Bilirdim vaxt az qalıb, yoxsa yox. İndi ya yolun ortasında qalacam, ya da çatacam”.
Rüstəm İsayev isə hesab edir ki, bu addım tıxacların yaranmasına səbəb ola bilər:
“Mərkəzi küçələrdə işıqforlarda saniyəölçənlər yoxdur. Ona görə Sumqayıtda tıxaclar artacaq. Elə sürücü var ki, yaşıl işıq yanır, amma hərəkət etmir. Hər cür sürən var. Sumqayıtda gündən-günə maşın sürmək çətinləşir”.
Əkrəm Haqverdiyev isə bildirib: “Bir vaxt bu işıqforları Fransadan od qiymətinə alıb, büdcədən buna xeyli vəsait ayırdılar. İndi isə onları sökürlər. Elə bil ki, bunu bilərəkdən edirlər. İllərdir bu sistemə öyrəşmişdik, nə vaxt yanacağını, nə vaxt sönəcəyini bilirdik. Amma indi bilmirsən nə vaxt yanır, nə vaxt sönür. Bu gün məhz həmin işıqforun sökülməsi nəticəsində az qala maşınımı arxadan vuracaqdılar. Bunlar 100 faiz sürücülərin qəsdinə durublar”.
Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədovun fikrincə, saniyəölçənlərin ləğvi ümumi vəziyyətə ciddi təsir göstərməyəcək:
“Məsələnin bir tərəfi ondan ibarətdir ki, sürücülər işıqfora yaxınlaşarkən saniyəölçənin göstəricilərinə əsaslanaraq davranışlarını tənzimləyirlər. Bəzən sürəti azaldır, bəzən isə artırırlar ki, yaşıl işıqda keçə bilsinlər. Bu isə bəzi hallarda yol hərəkəti qaydalarının pozulmasına səbəb olur. Digər yandan, bu mexanizmin ləğvi də bütün problemləri aradan qaldırmır. Əgər bu dəyişiklik sürücülər və digər hərəkət iştirakçıları üçün əlavə çətinlik yaradırsa, deməli, tam effektiv həll hesab oluna bilməz. Bu cür qərarlar qəbul edilərkən daha balanslı və praqmatik yanaşma tətbiq olunmalıdır”.














