Sumqayıtda qeydiyyatda olan “İnşaatçı-Av Group” MMC barəsində inzibati cərimə tətbiq edilib.
Məlumata görə, şirkət 2024-cü ildə 53.930 ABŞ dolları məbləğində vəsaiti bank vasitəsilə avans ödənişi kimi xarici ölkəyə köçürüb.
Lakin “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın tələblərinə əsasən, ödəniş həyata keçirildikdən sonra iki il ərzində həmin məbləğ hesabına alınan mallar ölkəyə idxal edilməyib, eyni zamanda köçürülən vəsait geri qaytarılmayıb.
Bununla bağlı Azərbaycan Mərkəzi Bankı tərəfindən şirkət haqqında inzibati protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə “İnşaatçı-Av Group” MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib və inzibati xətanın obyekti olmuş vəsaitin 20 faizi həcmində – 10.786 ABŞ dolları məbləğində cərimə olunub.
Qeyd edək ki, açıq dövlət reyestrlərində yer alan məlumata əsasən, Sumqayıtda qeydiyyatda olan şirkətin hazırda dövlətə 385 min manat vergi borcu da mövcuddur.
Xatırladaq ki, 2023-cü ildə yaradılan “İnşaatçı-Av Group” MMC-nin nizamnamə kapitalı 100 min manatdır. Şirkətin direktoru vəzifəsini əvvəllər Leyla Gülhəsən qızı Yusubova icra etsə də, bu il həmin vəzifəyə Nicat Muxtarov təyin edilib.
Mənbə: Demokrat.аz














