İstanbulda evinin qarşısından naməlum şəxslər tərəfindən oğurlanan İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) törəmə şirkətlərindən birinin baş direktor müavini Erhan Karaal polis əməliyyatı nəticəsində xilas edilib.
NOCOMMENT.az xəbər verir ki, hadisə Maltepe rayonunda baş verib.
Karaal evinin qarşısında hücuma məruz qalaraq zorla avtomobilə mindirilib və naməlum istiqamətə aparılıb. Hadisədən sonra hüquq-mühafizə orqanları genişmiqyaslı əməliyyat-axtarış tədbirlərinə başlayıb.
Polisin keçirdiyi əməliyyat nəticəsində Erhan Karaal Tuzla rayonundakı istifadəsiz prefabrik tikilidə əlləri bağlı vəziyyətdə tapılıb. Onun səhhətinin yaxşı olduğu bildirilib. Hadisə ilə əlaqədar ümumilikdə 7 şübhəli şəxs saxlanılıb və araşdırmalar davam etdirilir.
Faktla bağlı İstanbul Anadolu Respublika Prokurorluğunda cinayət işi üzrə istintaq aparılır.
















