Cümə axşamı, İyun 4, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

TƏHLİL: 7,5 milyard dollarlıq sazişlərdən Azərbaycana nə çatacaq?— Rəsmi şəxslər DANIŞIR

04/06/2026 17:02
Manşet, Siyasət
38 2
TƏHLİL: 7,5 milyard dollarlıq sazişlərdən Azərbaycana nə çatacaq?— Rəsmi şəxslər DANIŞIR
50
Baxış sayı

2026-cı ilin “Bakı Enerji Həftəsi” Bakı Ekspo Mərkəzində keçirilərək qlobal enerji gündəminin əsas müzakirə platformalarından birinə çevrildi. 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”u birləşdirən bu mötəbər tədbir, həm ənənəvi enerji təhlükəsizliyi, həm də yaşıl enerji keçidi fonunda beynəlxalq əməkdaşlığın yeni mərhələsini nümayiş etdirdi.

 

Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə yanaşı, müxtəlif ölkələrin enerji və hökumət nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri, aparıcı neft-qaz və enerji şirkətlərinin icraçıları geniş tərkibdə təmsil olundu. Çıxışlarda xüsusilə enerji təhlükəsizliyi, qlobal bazarların sabitliyi, təchizat zəncirlərinin dayanıqlılığı və bərpaolunan enerji mənbələrinə keçid kimi strateji istiqamətlər ön plana çıxarıldı.

 

Forum çərçivəsində Azərbaycanla ABŞ, Türkiyə, Avropa İttifaqı ölkələri və digər tərəfdaşlar arasında enerji əməkdaşlığının genişlənməsi, “Cənub Qaz Dəhlizi”, AÇG və “Şahdəniz” kimi meqalayihələrin qlobal enerji xəritəsində rolu bir daha vurğulandı. Eyni zamanda imzalanan çoxsaylı sazişlər və memorandumlar Azərbaycanın yalnız enerji ixracatçısı deyil, həm də regional enerji inteqrasiyasının əsas mərkəzlərindən biri olduğunu təsdiqlədi.

Tədbir həmçinin yaşıl enerji, hidrogen layihələri, elektrik interkonnektorları və rəqəmsal enerji texnologiyaları üzrə yeni əməkdaşlıq imkanlarının müzakirə olunduğu mühüm platforma kimi diqqət çəkdi. Xüsusilə Xəzər–Qara dəniz–Avropa enerji dəhlizləri və Mərkəzi Asiya ilə inteqrasiya layihələri gələcək enerji xəritəsinin formalaşmasında əsas istiqamətlərdən biri kimi dəyərləndirildi.

 

Mövzunun ictimai-siyasi əhəmiyyəti isə yerli ekspertlər və qanunvericilər tərəfindən də geniş şərh olunub. Milli Məclisin deputatları və ekspertlər Oxu24.com-a şərh edərək tədbirin əhəmiyyətini müxtəlif aspektlərdən dəyərləndiriblər.

 

Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib ki, Azərbaycan qlobal enerji və investisiya xəritəsində mövqeyini gücləndirməkdə davam edir. Onun sözlərinə görə, Bakı Enerji Həftəsi və 1-ci Azərbaycan–ABŞ İqtisadi Dialoqu çərçivəsində ölkəmiz üçün tarixi əhəmiyyət daşıyan mühüm sənədlər imzalanıb.

 

Deputat qeyd edib ki, Bakı Enerji Həftəsi və ilk Azərbaycan–ABŞ İqtisadi Dialoqu çərçivəsində imzalanan 7,5 milyard dollarlıq sazişlər paketi ölkənin enerji, maliyyə və yüksək texnologiyalar sahəsində beynəlxalq əməkdaşlığının yeni mərhələyə yüksəlməsinə şərait yaradacaq.

 

“Bu sənədlər təkcə enerji sektorunu deyil, eyni zamanda investisiya, rəqəmsal texnologiyalar, sənaye və innovasiya sahələrini də əhatə etdiyindən onların iqtisadi təsirinin çoxşaxəli olacağına şübhə yoxdur. Sənədlərin əhəmiyyətindən danışarkən ilk növbədə onu qeyd etməliyik ki, onlar ölkəyə xarici kapital axınının artmasına təkan verəcək”, – deyə deputat vurğulayıb.

 

M.Cəfərovun sözlərinə görə, xarici investisiyalar yeni istehsal güclərinin yaradılması, infrastrukturun modernləşdirilməsi və texnologiya transferi baxımından mühüm rol oynayacaq.

 

“Bu isə öz növbəsində yaxın gələcəkdə qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə və ölkənin rəqabət qabiliyyətinin daha da artırılmasına xidmət edə bilər”, – deyə deputat əlavə edib.

 

 

 

 

Milli Məclisin deputatı Rövşən Muradov Bakı Enerji Həftəsi çərçivəsində imzalanan təxminən 8 milyard dollarlıq investisiya və əməkdaşlıq memorandumlarının Azərbaycanın enerji siyasətində keyfiyyətcə yeni mərhələnin formalaşdığını göstərdiyini bildirib. Onun sözlərinə görə, bu sənədlər ölkənin artıq klassik hasilat və ixrac modelindən kənara çıxaraq daha mürəkkəb, çoxşaxəli və strateji dəyər yaradan iqtisadi yanaşmaya keçdiyini nümayiş etdirir. Deputat qeyd edib ki, bu transformasiyanın əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan enerji resurslarını yalnız gəlir mənbəyi kimi deyil, milli iqtisadiyyatın modernləşdirilməsi, beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və geosiyasi mövqeyinin gücləndirilməsi üçün uzunmüddətli strateji kapital kimi qiymətləndirir.

 

Rövşən Muradov vurğulayıb ki, bu yanaşmanın iqtisadi nəticələri təkcə investisiya həcmi ilə ölçülmür. Onun sözlərinə görə, əsas əhəmiyyət həmin vəsaitlərin milli iqtisadiyyatda yaradacağı çoxşaxəli və zəncirvari təsirdədir. Deputat əlavə edib ki, enerji sektoruna yönələn sərmayələr mühəndislik, logistika, tikinti, maliyyə, sığorta, rəqəmsal idarəetmə və peşəkar xidmətlər kimi sahələrin inkişafını stimullaşdırır, eyni zamanda yüksək ixtisaslı əmək bazarının genişlənməsinə şərait yaradır. Nəticədə enerji əməkdaşlığı ayrı-ayrı layihələrin icrasından daha geniş məna kəsb edərək iqtisadi məhsuldarlığı artıran, texnoloji biliklərin ölkəyə transferini sürətləndirən və özəl sektor üçün yeni imkanlar yaradan inkişaf mexanizminə çevrilir.

 

Deputatın sözlərinə görə, iqtisadi təsirlərlə yanaşı, bu proses Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə də xidmət edir. O qeyd edib ki, xüsusilə qaz ixrac coğrafiyasının Türkiyə, Avropa və Gürcüstandan əlavə Suriyanı da əhatə etməsi mühüm strateji əhəmiyyət daşıyır. Rövşən Muradov bildirib ki, bu, Azərbaycanın enerji diplomatiyasının çevikliyini və regional proseslərə təsir imkanlarını nümayiş etdirir. Onun sözlərinə görə, müasir dünyada qaz yalnız kommersiya məhsulu deyil, həm də etimad yaradan, siyasi dialoqu genişləndirən və dövlətlərarası qarşılıqlı asılılığı sabitlik amilinə çevirən mühüm vasitədir. Bu baxımdan Azərbaycan enerji ixracatçısı statusunu daha yüksək mərhələyə yüksəldərək regional sabitlik arxitekturasının fəal iştirakçısı kimi mövqeyini gücləndirir.

 

Rövşən Muradov əlavə edib ki, Bakının qlobal enerji gündəminin mühüm mərkəzlərindən birinə çevrilməsi də xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, ABŞ, Türkiyə, Serbiya, Səudiyyə Ərəbistanı və Fransa kimi fərqli siyasi və iqtisadi sistemləri təmsil edən ölkələrin Azərbaycanda geniş iştirakı göstərir ki, Bakı artıq yalnız enerji resurslarının təqdim olunduğu məkan deyil. Deputat qeyd edib ki, şəhər eyni zamanda maraqların uzlaşdırıldığı, investisiya qərarlarının formalaşdığı və gələcəyin enerji xəritəsinin müzakirə edildiyi strateji platforma funksiyasını yerinə yetirir.

 

O, sonda bildirib ki, bütün bu amillər Prezident İlham Əliyevin müəyyən etdiyi enerji strategiyasının effektivliyini ortaya qoyur və Azərbaycanın öz təbii resurslarını geosiyasi asılılıq mənbəyinə deyil, iqtisadi suverenliyin və qlobal tərəfdaşlığın gücləndirilməsi vasitəsinə çevirdiyini göstərir.

 

 

Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, bu gün uğurla həyata keçirilən Azərbaycanın enerji siyasətinin əsası hələ 1994-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə imzalanan “Əsrin müqaviləsi” ilə qoyulub.

Deputat qeyd edib ki, bu gün tam əminliklə demək olar ki, məhz həmin dövrdə qəbul edilən vacib qərarlar, xüsusilə də ilk konsorsiumun yaradılması, dünyanın qüdrətli dövlətlərini təmsil edən iri şirkətlərin Azərbaycana dəvət olunması və onların iştirakı ilə bu müqavilənin bağlanması ölkənin yeni bir dövrə daxil olmasını səciyyələndirdi:

 

“Əslində söhbət müstəqil Azərbaycanın inkişafında tamamilə yeni bir mərhələnin başlanmasından gedirdi. Bu da iqtisadi baxımdan ölkənin suverenliyinin təmin olunması istiqamətində atılmış son dərəcə vacib və əhəmiyyətli addım idi.

 

Məhz neft gəlirləri hesabına ölkəmizin iqtisadiyyatını sözün əsl mənasında dirçəltmək, yeni çağırışlara adekvat cavab vermək üçün potensialı artırmaq mümkün oldu. Bununla yanaşı, iqtisadiyyatın digər sahələrində, xüsusilə də qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində mühüm nəticələr əldə edildi. Bu nəticələr arasında ən vaciblərindən biri hərbi quruculuq məsələləri idi. Çünki iqtisadi cəhətdən suveren olan ölkə siyasi suverenliyini də təmin edə bilir.

 

Ölkəmizin həmin dövrdə ərazisinin beşdəbir hissəsinin işğal altında olduğunu nəzərə alsaq, 30 ilə yaxın müddətdə iqtisadi gücümüz artdıqca ordumuzu da gücləndirə bildik, onu ən müasir silahlarla təchiz etmək imkanları qazandıq, peşəkar ordu formalaşdırdıq. Məhz bu peşəkar ordunun sayəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazanaraq torpaqlarımızı işğaldan azad etdik. Bu isə Cənubi Qafqazda yeni bir dövrün, yeni bir mərhələnin başlanmasına səbəb oldu.

Bu günə qədər gündəmdə olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxa plana keçib və Azərbaycan tamamilə yeni reallıq formalaşdırıb. Bu reallıq Cənubi Qafqaz bölgəsində güclü təhlükəsizlik sisteminin, təhlükəsizlik arxitekturasının qurulmasına, dayanıqlı sülh və inkişaf üçün əlverişli geosiyasi şəraitin yaranmasına gətirib çıxarıb.

 

Bu gün isə əminliklə deyə bilərik ki, enerji siyasəti dünya enerji təhlükəsizliyinin çox vacib istiqamətlərindən biridir və Azərbaycan bu sahədə kifayət qədər çevik və uğurlu siyasət həyata keçirir. Azərbaycanın enerji siyasəti qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm nəticələr ortaya qoyur.

 

Bu gün Bakı şəhərində keçirilən Enerji Həftəsi və onun çərçivəsində təşkil olunan çoxsaylı forumlar, görüşlər və konfranslar bir daha göstərir ki, Azərbaycan enerji gündəliyi ilə dünya informasiya məkanında özünəməxsus yer tutmaqdadır.

 

Bu gün Azərbaycan, xüsusilə də Bakı şəhəri beynəlxalq danışıqların və siyasi dialoqun aparıldığı mühüm məkana çevrilməkdədir. Bu baxımdan Bakı artıq dünya enerji diplomatiyasının və siyasətinin mərkəzlərindən biri kimi özünü təsdiq edib.

 

Biz görürük ki, dünyanın müxtəlif ölkələrindən olan iri şirkətlərin Azərbaycana həmin tədbirlər çərçivəsində təşrif buyurması və burada mühüm mesajlar səsləndirməsi onu göstərir ki, ölkəmiz etibarlı tərəfdaş kimi özünü təsdiqləməklə yanaşı, böyük inteqrasiya layihələrinin uğurla həyata keçirilməsi üçün də əlverişli mühit yaradır.

 

İlk növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycan 30-a yaxın ölkə ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Bununla yanaşı, 16 ölkəyə bilavasitə təbii qaz ixrac edir. Boru kəmərləri vasitəsilə quru üzərindən təbii qaz ixracı göstəricilərinə görə Azərbaycan dünyada ilk yerlərdə qərarlaşıb. Bu da həqiqətən qürurverici göstəricidir.

 

Təbii qaz ixrac etdiyimiz 16 ölkənin 10-u Avropa İttifaqının üzvüdür. Bu isə Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində çox sıx strateji tərəfdaşlığa malik olduğumuzu göstərir.

 

Eyni zamanda Suriya və digər istiqamətlərə də nəzər salsaq, burada da böyük potensialın mövcud olduğunu görərik. Bu fakt ölkəmizin qaz ixracı siyasətinin kifayət qədər çoxşaxəli və geniş coğrafiyanı əhatə etdiyini göstərir.

 

Ən vacib məqamlardan biri də odur ki, Azərbaycan qaz ixracı coğrafiyasını genişləndirməkdə və ixrac həcmlərini artırmaqda israrlıdır. Bununla bağlı ölkəmizə çoxsaylı müraciətlər daxil olur. Son dövrlərdə Azərbaycana səfər edən müxtəlif Avropa ölkələrinin rəhbərləri – Litva, Latviya, Çexiya, Ukrayna və digər dövlətlərin nümayəndələri açıq şəkildə Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bəyan edirlər.

 

Paralel olaraq digər istiqamətlər də mövcuddur. Bunlar rəqəmsal iqtisadiyyata keçid, rəqəmsal texnologiyalar, süni intellekt və digər sahələrdir. Bu istiqamətlər də bilavasitə ölkəmizin enerji gündəliyi ilə əlaqəlidir.

 

Yeri gəlmişkən, Azərbaycan bərpa olunan enerji sahəsində də çox ciddi layihələr həyata keçirir. Xüsusilə də Xəzər dənizi ilə Qara dənizi birləşdirən kabel layihəsi vasitəsilə yaşıl enerjinin ötürülməsi, eləcə də quru marşrutları ilə Gürcüstan və Bolqarıstan üzərindən yaşıl enerjinin Avropa bazarlarına çıxarılması istiqamətində işlər davam etdirilir.

 

Bu faktlar onu göstərir ki, Azərbaycan Avrasiya məkanının enerji təhlükəsizliyinin təmin olunmasında olduqca ciddi rol oynayır. Bu həm ölkəmizin regional, həm də qlobal səviyyədə böyük nüfuza malik olduğunu göstərir.

 

Bununla yanaşı, nəqliyyat-logistika layihələrinin həyata keçirilməsi istiqamətində də Azərbaycan mühüm nəticələr əldə edir. Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin əsas seqmenti kimi Azərbaycanın çıxış etməsi ölkəmizin bu sahədə də mühüm rol oynadığını təsdiqləyir.

 

İl ərzində daşınan yüklərin həcmi getdikcə artır və bu da Orta Dəhlizin əhəmiyyətini daha da yüksəldir. Orta Dəhliz dedikdə isə, təbii ki, onun əsas hissəsi olan Cənubi Qafqaz bölgəsi və bu bölgənin lider dövləti Azərbaycan nəzərdə tutulur.

 

Məhz Azərbaycanın fəal iştirakı sayəsində həm enerji təhlükəsizliyi, həm də beynəlxalq nəqliyyat-logistika layihələri istiqamətində ciddi uğurlar əldə olunur. Bu layihələr Avrasiya qitəsi üçün həyati əhəmiyyət daşıyan inteqrasiya layihələri kimi dəyərləndirilə bilər.

 

Çünki bu gün təhlükəsizliyin təmin olunması istənilən ölkənin inkişafının əsas şərtlərindən biridir. Enerji təhlükəsizliyi də bu prosesin mühüm tərkib hissəsidir. Azərbaycanın strateji tərəfdaşları üçün etibarlı qarant kimi çıxış etməsi ölkəmizə olan etimadı və inamı daha da gücləndirir”.

 

Politoloq Elxan Şahinoğlu Azərbaycanın enerji siyasətini şərh edərək bildirib ki, ölkənin enerji strategiyası artıq təkcə resurs ixracı ilə məhdudlaşmır, eyni zamanda regionda və daha geniş coğrafiyada mühüm geosiyasi təsir aləti rolunu oynayır.Bakı son illərdə həyata keçirdiyi enerji diplomatiyası nəticəsində Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaşlardan birinə çevrilib. Eyni zamanda Azərbaycan Yaxın Şərq və ətraf region ölkələrinin enerji təminatında da etibarlı oyunçu kimi çıxış edir.

E.Şahinoğlu qeyd edib ki, Azərbaycanın ABŞ, Türkiyə, Avropa İttifaqına üzv dövlətlər və Yaxın Şərq ölkələri ilə eyni platformada əməkdaşlıq etməsi ölkənin balanslaşdırılmış və çoxvektorlu xarici siyasətinin enerji sahəsində uğurla reallaşdığını göstərir. Bu əməkdaşlıqlar həm iqtisadi maraqların uzlaşdırılmasına, həm də siyasi etimad mühitinin möhkəmlənməsinə xidmət edir.

 

Politoloq xüsusilə Suriyaya qaz ixracını yeni və diqqətçəkən addım kimi dəyərləndirib. Onun fikrincə, bu tədarük yalnız iqtisadi deyil, həm də regionda sabitliyin gücləndirilməsi və enerji təminatının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu proses gələcəkdə Azərbaycanın Yaxın Şərq enerji bazarında rolunun daha da artmasına şərait yarada bilər.

 

Elxan Şahinoğlu ümumilikdə vurğulayıb ki, Azərbaycanın enerji siyasəti artıq klassik ixrac modeli çərçivəsindən çıxaraq, regional əməkdaşlığın qurulması, siyasi dialoqun inkişafı və beynəlxalq təsir imkanlarının genişləndirilməsinə xidmət edən strateji platformaya çevrilib.

 

 

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib ki, Bakı Enerji Həftəsi çərçivəsində əldə olunan razılaşmalar Azərbaycanın enerji siyasətinin yalnız mövcud enerji resurslarının ixracına deyil, eyni zamanda uzunmüddətli iqtisadi dayanıqlılığın təmin edilməsinə yönəldiyini göstərir.

O qeyd edib ki, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil and Gas”), 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi (“Caspian Power”) və 31-ci “Baku Energy Forum” zamanı Azərbaycanla ABŞ, Türkiyə, Serbiya, Səudiyyə Ərəbistanı və Fransa şirkətləri arasında ümumi dəyəri təxminən 8 milyard dollara yaxın olan investisiya və əməkdaşlıq memorandumlarının imzalanması ölkəyə beynəlxalq investor marağının yüksək səviyyədə qaldığını bir daha nümayiş etdirib.

 

Nadir Azəri bildirib ki, Bu sənədlər yeni texnologiyaların cəlb olunmasına, enerji infrastrukturunun modernləşdirilməsinə, qeyri-neft sektorunun inkişafına və ölkənin iqtisadi imkanlarının genişlənməsinə əlavə stimul yarada bilər. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, xüsusilə 1993-cü ilin iyunundan etibarən həyata keçirdiyi balanslı, çoxtərəfli və milli maraqlara əsaslanan siyasət nəticəsində beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınıb. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu strateji kurs Prezident İlham Əliyev tərəfindən dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilərək ölkənin beynəlxalq mövqeyini daha da gücləndirib. Məhz həyata keçirilən ardıcıl siyasətin nəticəsidir ki, bu gün Azərbaycan maraqların toqquşduğu deyil, uzlaşdığı siyasi, iqtisadi və enerji məkanlarından biri kimi çıxış edir.

Nadir Azərinin sözlərinə görə, müxtəlif siyasi və iqtisadi blokları təmsil edən dövlətlərin və iri beynəlxalq şirkətlərin əməkdaşlıq üçün Bakını seçməsi Azərbaycanın beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş statusunun növbəti təsdiqidir.Qaz ixracı coğrafiyasının genişlənməsi və yeni tərəfdaşlıqların formalaşması Azərbaycanın regional və qlobal enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu daha da artırır: “Azərbaycanın qaz təchizatının Türkiyə, Gürcüstan və Avropa bazarlarından əlavə Suriyanı da əhatə etməsi ölkənin enerji diplomatiyasının yeni mərhələyə qədəm qoyduğunu göstərir. Eyni zamanda, ənənəvi enerji ilə yanaşı, yaşıl enerji sahəsində həyata keçirilən əməkdaşlıqlar Azərbaycanın gələcəyə hesablanmış inkişaf modelini və enerji keçidi strategiyasını ortaya qoyur. Bütün bunlar Azərbaycanın həm regional enerji mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə, həm də qlobal miqyasda siyasi və strateji əhəmiyyətinin artmasına xidmət edir. Fərqli coğrafiyaları və maraqları təmsil edən dövlətlərin əməkdaşlıq platforması kimi Bakını seçməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş və dialoq məkanı kimi qəbul olunduğunu, ölkənin regional sabitliyə, iqtisadi əməkdaşlığa və enerji təhlükəsizliyinə töhfə verən mühüm geosiyasi aktor kimi rolunun daha da gücləndiyini göstərir.

 

 

 

İqtisadçı Xalid Kərimli bildirib ki, 90-cı illərin əvvəlində Azərbaycan ağır iqtisadi, siyasi və hərbi-sosial vəziyyətlə üzləşmişdi. Ölkə ciddi təlatümlər içində idi, ərazilərin təxminən 20 faizi işğal altında idi, yoxsulluq səviyyəsi 50 faizə yaxın idi və təxminən 1 milyon insan məcburi köçkün vəziyyətində yaşayırdı. Məhz belə bir şəraitdə imzalanan ‘Əsrin müqaviləsi’ Azərbaycanın gələcək enerji strategiyasının əsasını qoydu və bu gün formalaşan müasir Azərbaycanın inkişaf modelini müəyyənləşdirdi.

 

O dövrdən etibarən həyata keçirilən enerji siyasəti nəticəsində ölkənin iqtisadi mənzərəsi tamamilə dəyişdi. Hazırda yoxsulluq səviyyəsi 5 faiz ətrafındadır, genişmiqyaslı infrastruktur layihələri həyata keçirilib, müasir yollar, hava limanları və logistika mərkəzləri yaradılıb. Təhsil və səhiyyə sistemləri modernləşdirilib, sosial proqramlara hər il böyük həcmdə vəsait yönəldilir. Bununla yanaşı, dövlətin müdafiə qabiliyyəti gücləndirilib, strateji valyuta ehtiyatları formalaşdırılıb və dövlət borcunun ÜDM-ə nisbəti beynəlxalq miqyasda aşağı göstəricilərdən biri kimi qiymətləndirilir. Valyuta ehtiyatlarının ÜDM-ə nisbətinin 114 faizə yaxın olması ölkənin maliyyə dayanıqlılığını göstərən mühüm göstəricidir.

 

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, Azərbaycanın enerji strategiyası ölkəni təkcə neft-qaz ixrac edən ölkəyə çevirməyib, eyni zamanda elektrik enerjisi və qaz idxalından ixracatçı mövqeyə keçidini təmin edib. Hazırda əsas strateji hədəflərdən biri həm ənənəvi enerji resurslarının ixracı, həm də alternativ və bərpa olunan enerji mənbələri hesabına istehsal olunan elektrik enerjisinin Avropa bazarlarına çıxarılmasıdır.

 

Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm rol oynayır. Xüsusilə “Cənub Qaz Dəhlizi” vasitəsilə bir çox Avropa ölkələrinə stabil qaz təchizatı həyata keçirilir. Rusiya–Ukrayna müharibəsindən sonra Avropada yaranan enerji böhranı fonunda Azərbaycanın etibarlı tərəfdaş kimi rolu daha da ön plana çıxıb.

 

Xalid Kərimli qeyd edib ki, Azərbaycan yalnız öz resurslarını deyil, həm də Mərkəzi Asiyanın enerji ehtiyatlarının Qərb bazarlarına çıxışında tranzit ölkə kimi mühüm rol oynayır. Qazaxıstandan illik milyonlarla ton neftin Azərbaycan üzərindən dünya bazarına çıxarılması və bu həcmin artırılması perspektivləri ölkənin tranzit imkanlarını daha da gücləndirir. Eyni zamanda, Mərkəzi Asiya qazının Azərbaycan infrastrukturu vasitəsilə Avropaya nəqli ilə bağlı layihələr də bu strateji mövqeyi möhkəmləndirir.

 

Alternativ enerji sahəsində də mühüm hədəflər müəyyənləşdirilib. Qaradəniz kabel layihəsi vasitəsilə Avropaya yaşıl enerji ixracı planlaşdırılır və yaxın illərdə 10 giqavata qədər bərpa olunan enerji potensialının yaradılması nəzərdə tutulur. Bu məqsədlə BP, “Masdar” və digər beynəlxalq şirkətlərlə milyardlarla dollarlıq müqavilələr imzalanıb və bir sıra layihələr artıq icra mərhələsindədir.

 

Ekspertin sözlərinə görə, 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan mənbələrin payının əhəmiyyətli dərəcədə artırılması həm ölkənin daxili enerji təhlükəsizliyini gücləndirəcək, həm də Azərbaycanın Avropaya yalnız neft-qaz deyil, eyni zamanda yaşıl elektrik enerjisi ixrac edən ölkə kimi mövqeyini möhkəmləndirəcək.Bakı Enerji Həftəsi çərçivəsində əldə olunan razılaşmalar da bu strateji xəttin davamı kimi qiymətləndirilir. Axtarış və kəşfiyyat layihələrinin genişləndirilməsi, yeni qaz yataqlarının istismara verilməsi, BP və SOCAR arasında əməkdaşlığın dərinləşməsi və digər razılaşmalar Azərbaycanın enerji sektorunda uzunmüddətli inkişaf perspektivlərini daha da gücləndirir.Xüsusilə “Azəri-Çıraq-Günəşli” yataqlarında sərbəst qaz hasilatına başlanılması və Babək qaz yatağı üzrə yeni razılaşmalar ölkənin qaz ixrac potensialını artıran mühüm addımlar kimi dəyərləndirilir. Bu layihələr Azərbaycanın qaz hasilatının artmasına və ixrac imkanlarının genişlənməsinə ciddi töhfə verəcək.Ümumilikdə, Azərbaycan həm enerji istehsalçısı, həm ixracatçısı, həm də tranzit ölkə kimi mövqeyini gücləndirərək regionun və Avropanın enerji xəritəsində strateji aktora çevrilməkdədir.”

 

 

Beləliklə, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən görüşlər, imzalanan milyardlarla dollarlıq əməkdaşlıq sənədləri və səsləndirilən ekspert rəyləri bir daha təsdiqləyir ki, Azərbaycan qlobal enerji xəritəsində mövqeyini ildən-ilə daha da gücləndirir. Vaxtilə yalnız öz enerji ehtiyatlarını dünya bazarlarına çıxarmağı qarşısına məqsəd qoyan Azərbaycan bu gün artıq beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında, yeni nəqliyyat və logistika marşrutlarının formalaşdırılmasında, eləcə də yaşıl enerji keçidinin təşviqində mühüm rol oynayan strateji tərəfdaş kimi çıxış edir.

 

Enerji sahəsində əldə olunan uğurlar təkcə iqtisadi göstəricilərlə ölçülmür. Bu siyasət ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə, siyasi çəkisinin artmasına, xarici investisiyaların cəlb edilməsinə və yeni texnologiyaların ölkəyə gətirilməsinə şərait yaradır. ABŞ, Türkiyə, Fransa, Serbiya, Səudiyyə Ərəbistanı və digər ölkələrin dövlət qurumları və şirkətlərinin Bakıda bir araya gəlməsi Azərbaycanın etibarlı tərəfdaş, sabit əməkdaşlıq məkanı və qlobal dialoq platforması kimi qəbul olunduğunu nümayiş etdirir. Bu gün dünyaya verilən əsas mesaj ondan ibarətdir ki, Azərbaycan artıq enerji bazarlarında sadəcə iştirakçı deyil, regional və qlobal proseslərə təsir göstərən, əməkdaşlıq gündəmini formalaşdıran və gələcəyin enerji arxitekturasının qurulmasında söz sahibi olan dövlətlərdən biridir.

Oxşarxəbərlər

Rusiyanın Azərbaycana təklifi müzakirələrə səbəb oldu
Siyasət

Rusiyanın Azərbaycana təklifi müzakirələrə səbəb oldu

04/06/2026 17:36
50
SON DƏQİQƏ: Ukrayna PUA-ları qatarı vurdu, Krımda faciə yaşandı
Dünya

SON DƏQİQƏ: Ukrayna PUA-ları qatarı vurdu, Krımda faciə yaşandı

04/06/2026 11:32
55
YAPONİYADA HƏYƏCAN: Plastik torbalar və qablaşdırmalar qıtlaşır
Dünya

YAPONİYADA HƏYƏCAN: Plastik torbalar və qablaşdırmalar qıtlaşır

04/06/2026 10:03
54
ŞOK İDDİA: Tehran geri çəkildi, hava limanının vurulma anı ortaya çıxdı
Dünya

ŞOK İDDİA: Tehran geri çəkildi, hava limanının vurulma anı ortaya çıxdı

04/06/2026 09:49
53
DUYĞUSAL ANLAR: Şebnem Ferah pərəstişkarlarına “Siz mənim evimsiniz” dedi
Dünya

DUYĞUSAL ANLAR: Şebnem Ferah pərəstişkarlarına “Siz mənim evimsiniz” dedi

04/06/2026 09:03
56
TƏCİLİ: ABŞ-dan ölümcül əməliyyat – Sakit okeanda qayıq vuruldu
Dünya

TƏCİLİ: ABŞ-dan ölümcül əməliyyat – Sakit okeanda qayıq vuruldu

04/06/2026 08:21
53

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Rusiyanın Azərbaycana təklifi müzakirələrə səbəb oldu

Rusiyanın Azərbaycana təklifi müzakirələrə səbəb oldu

04/06/2026 17:36
50
Bakı məktəblərində müəllim işləmək istəyənlər nə etməlidir? – VACİB TÖVSİYƏ

Bakı məktəblərində müəllim işləmək istəyənlər nə etməlidir? – VACİB TÖVSİYƏ

04/06/2026 17:29
50
Sumqayıtda işıqforlar dəyişdirilir: Sürücü də, piyada da narazıdır – VİDEO

Sumqayıtda işıqforlar dəyişdirilir: Sürücü də, piyada da narazıdır – VİDEO

04/06/2026 17:15
50
TƏHLİL: 7,5 milyard dollarlıq sazişlərdən Azərbaycana nə çatacaq?— Rəsmi şəxslər DANIŞIR

TƏHLİL: 7,5 milyard dollarlıq sazişlərdən Azərbaycana nə çatacaq?— Rəsmi şəxslər DANIŞIR

04/06/2026 17:02
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
SON DƏQİQƏ: Ukrayna PUA-ları qatarı vurdu, Krımda faciə yaşandı

SON DƏQİQƏ: Ukrayna PUA-ları qatarı vurdu, Krımda faciə yaşandı

04/06/2026 11:32
55

YAPONİYADA HƏYƏCAN: Plastik torbalar və qablaşdırmalar qıtlaşır

YAPONİYADA HƏYƏCAN: Plastik torbalar və qablaşdırmalar qıtlaşır

04/06/2026 10:03
54

ŞOK İDDİA: Tehran geri çəkildi, hava limanının vurulma anı ortaya çıxdı

ŞOK İDDİA: Tehran geri çəkildi, hava limanının vurulma anı ortaya çıxdı

04/06/2026 09:49
53

DUYĞUSAL ANLAR: Şebnem Ferah pərəstişkarlarına “Siz mənim evimsiniz” dedi

DUYĞUSAL ANLAR: Şebnem Ferah pərəstişkarlarına “Siz mənim evimsiniz” dedi

04/06/2026 09:03
56

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.