ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Evin bilavasitə yaxınlığında baş verən və böyük təşvişə səbəb olan silahlı insidentin şok təfərrüatları məlum olub. Prezident iqamətgahına hücum edən şəxsin şəxsiyyəti və hadisəni törətmə motivi müəyyənləşdirilib.
NOCOMMENT.az xəbər verir ki, ABŞ-nin dövlət başçısı Donald Trampın iqamətgahına gələn silahlı şəxs orada növbə çəkən təhlükəsizlik zabitlərinə və Gizli Xidmət əməkdaşlarına qarşı qəfildən atəş açıb. Hadisə baş verən anlarda amerikalı jurnalistlər Ağ Evin həyətindən canlı yayımlar edirdilər. Atışma başlayan kimi media nümayəndələri dərhal təxliyə edilərək qapalı brifinq otağına salınıb və qapılar qapadılıb.
Təhlükəsizlik qüvvələrinin operativ müdaxiləsi nəticəsində atəş açan şəxs qısa müddətdə zərərsizləşdirilib. Araşdırmalar zamanı məlum olub ki, hücum edən şəxs 21 yaşlı afroamerikalı Nesir Bestdir (Nesir Best).
İlkin tibbi və hüquqi ekspertizanın rəyinə görə, gəncin ciddi psixi pozuntuları olub. Ağır ruhi xəstəlikdən əziyyət çəkən 21 yaşlı Nesir Best özünü “İsa Məsih” adlandırırmış və hücumu da bu qeyri-adekvat psixoloji vəziyyətdə həyata keçirib. Hazırda hadisə ilə bağlı Vaşinqton polis idarəsi və federal xidmətlər genişmiqyaslı təhqiqatları davam etdirir.














