“Rayonlardan böyük şəhərlərə təhsil almaq üçün gələn tələbələr kirayə, nəqliyyat, qidalanma və digər gündəlik xərclərlə üzləşirlər. Bu baxımdan mövcud təqaüd məbləğləri bir çox hallarda onların real ehtiyaclarını tam qarşılamır.
Dövlətin maliyyə imkanları nəzərə alınmaqla təqaüdlərin mərhələli şəkildə artırılması məqsədəuyğundur. Xüsusilə aztəminatlı ailələrdən olan, yüksək akademik göstəricilərə malik və rayonlardan gələn tələbələr üçün əlavə sosial dəstək mexanizmlərinin tətbiqi daha səmərəli nəticə verə bilər”.
Bu fikirləri təhsil məsələləri üzrə ekspert Fuad Hacıyev KONKRET.az-a açıqlamasında səsləndirib:

“Məsələni yalnız təqaüdlərin artırılması ilə həll etmək mümkün deyil. Ən effektiv, uzunmüddətli və əlçatan həll yolu müasir tələbə yataqxanalarının yaradılmasıdır. Elə yataqxanalar tikilməlidir ki, orada yaşamaq tələbələr üçün sadəcə məcburiyyət deyil, həm də prestij hesab olunsun. Təhlükəsiz, keyfiyyətli, müasir və münasib qiymətli tələbə şəhərcikləri minlərlə gəncin yaşayış problemini həll edə bilər”.
Ekspert qeyd edib ki, bu istiqamətdə dövlət-özəl sektor əməkdaşlığı uğurlu model ola bilər.
“Məsələn, yataqxana xərclərinin 50 faizini dövlət, qalan 50 faizini isə tələbənin özü ödəsə, hər üç tərəf qazanmış olar. Tələbə münasib qiymətə yüksək standartlı yaşayış əldə edər, sahibkar tikdiyi yataqxananı rahatlıqla doldurar və yeni layihələrə investisiya etməkdə maraqlı olar. Dövlət isə həm öz gənclərinə, həm də sahibkarlara real dəstək göstərdiyini nümayiş etdirər.
Belə bir model təkcə tələbələrin sosial rifahını yaxşılaşdırmaz, eyni zamanda özəl investisiyaları stimullaşdırar, yeni yataqxanaların tikintisini sürətləndirər və ali təhsil müəssisələrinin ətrafında müasir tələbə şəhərciklərinin formalaşmasına təkan verər.
Unutmayaq ki, insan kapitalına qoyulan hər bir investisiya ölkənin gələcəyinə qoyulan investisiyadır. Tələbələrin maddi çətinliklər səbəbindən təhsildən yayınmasının qarşısını almaq üçün həm təqaüdlərin artırılması, həm də davamlı sosial dəstək mexanizmlərinin qurulması Azərbaycanın gələcək inkişafına xidmət edəcək ən doğru addımlardan biridir”.













