ABŞ Prezidenti Donald Trampın Şimali Atlantika Alyansından çıxmaqla bağlı səsləndirdiyi təhdidlər kifayət qədər ciddi qiymətləndirilir və bu, həm alyansın gələcəyi, həm də regional təhlükəsizlik baxımından mühüm nəticələr vəd edir. ABŞ-nin NATO-da aparıcı rol oynadığını nəzərə alsaq, belə bir addımın təşkilat daxilində güc balansını dəyişdirə biləcəyi və kollektiv müdafiə mexanizmlərini zəiflədə biləcəyi ehtimal olunur. “Corriere della Sera” qəzetinin məlumatına görə, 7–8 iyul tarixlərində keçirilməsi planlaşdırılan Ankara sammiti bu gərginliyin fonunda birbaşa siyasi qarşıdurma platformasına çevrilə bilər.
Belə bir şəraitdə əsas müzakirə mövzularından biri də Ukrayna üçün bu ehtimalın hansı nəticələr doğura biləcəyidir.
Həqiqətən də, ABŞ-nin NATO-dan çıxması Ukraynaya təsir edə bilərmi? Sözügedən təsir necə ola bilər?
Politoloq Aytən Qurbanova Sfera.az-a açıqlamasında bildirib ki, NATO birbaşa olaraq ABŞ-nin təşəbbüsü ilə yaradılmış alyansdır.
Onun sözlərinə görə, ikiqütblü dünya nizamında kapitalizmi təmsil edən və kapitalist dövlətləri üçün daha çox təhlükəsizlik çətiri kimi formalaşan NATO, soyuq müharibədən sonrakı mərhələdə, məhz ABŞ-nin strateji hədəfləri və maraqları istiqamətində qlobal sistemdə təhlükəsizliklə bağlı ola biləcək çağırışlara operativ və adekvat reaksiya verən instutlardan birinə çevrilmişdi:
“Amma təəssüflər olsun ki, Rusiya-Ukrayna müharibəsi başladığı dövrdən bu günə qədər Avropa dövlətlərinin təhlükəsizliyi ilə bağlı NATO çərçivəsində real addımların atıldığını müşahidə etmək mümkün deyil. Tam əksinə olaraq, Tramp administrasiyası hakimiyyətə gəldikdən sonra NATO-nun Avropa üçün təhlükəsizlik çətiri formalaşdırmaqla bağlı öhdəliklərinin olmaması və bu istiqamətdə hər hansı bir missiyanı daşımaması ilə bağlı açıq bəyanatarı müşahidə edirik. Eyni zamanda təşkilatın nizamnaməsinin müvafiq bəndinin (bir dövlətə olan hücumun bütün dövlətlərə hücum kimi qəbul olunması ilə bağlı) operativ şəkildə yerinə yetirilmədiyini, Şərqi Avropa ölkələrinə münasibətdə, Rusiya tərəfindən olan təhdidedici addımlarda aydın şəkildə müşahidə etdik. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, ABŞ-nin alyansdan çıxması, ümumilikdə NATO-nun gələcək taleyi və mövcudluğunu davam etdirib-etdirməməsi ilə bağlı ciddi sualların yaranmasına səbəb ola bilər. Düşünürəm ki, Ankara sammiti məhz bu sualların cavabının bir qədər aydın ola biləcəyi əsas platformalardan birinə çevriləcək”.

Politoloq qeyd edib ki, ABŞ-nin NATO-dan çıxması sadəcə Ukraynanın taleyi ilə bağlı deyil, ümumilikdə Avropanın təhlükəsizlik arxitekturası ilə bağlı ciddi dəyişikliklərə səbəb ola bilər:
“Çünki, İkinci Dünya Müharibəsindən bu günə qədər Avropa ölkələrinin təhlükəsizliyi ilə bağlı ən əsas öhdəlik ABŞ-nin liderliyi ilə NATO-nun üzərinə düşürdü. Əgər ABŞ hərbi, hərbi-siyasi və maliyyə baxımından NATO-ya olan bütün dəstəyini geri çəksə və üzvlükdən imtina etsə, bu istiqamətdə yaranan boşluğu doldura biləcək alternativ qüvvələrin olması ilə bağlı ciddi suallar var. Çünki, Avropa ölkələri hazırda bu resurslara və potensiala sahib deyil”.













