Xalq artisti Gülyanaq Məmmədova ilə müğənnilər Vasif Məhərrəmli və Vəfa Şərifova arasında “Nazlanma” mahnısı ilə bağlı mübahisə yaranıb.
Mübahisəyə səbəb cənubi azərbaycanlı ifaçı və bəstəkar Mənsur Daneşvarın müəllifi olduğu “Nazlanma” mahnısının Vasif Məhərrəmli və Vəfa Şərifova tərəfindən müəllif icazəsi olmadan səsləndirilməsi ilə bağlı iddialardır.
Gülyanaq Məmmədova Qaynarinfo-ya bildirib ki, mahnı təqdim olunduqdan qısa müddət sonra icazəsiz ifa edilib:
“Mahnının müəllifləri mən və Mənsur bəydir. Onlar isə mahnımızı icazəsiz oxuyublar. Biz bu mahnını efirdə təqdim etdikdən sonra Azərbaycan, İran, Türkiyə, Özbəkistan və digər ölkələrdə milyonlarla, hətta milyardlarla baxış topladıq. Mahnını özbək dilində də ifa etmişik. Onlar da bizim ifamızı dinləyib bəyəniblər. Mənsur bəy hər ikisinə mahnını icazəsiz oxuduqları üçün etirazını bildirdi. Hətta məsələni həll etmək üçün İrandan Azərbaycana gəldi”.
Xalq artistinin sözlərinə görə, nə Vasif Məhərrəmli, nə də Vəfa Şərifova müəlliflə görüşmək və ya ondan icazə almaq təşəbbüsü göstərib:
“Gözlədik ki, heç olmasa zəng edib icazə istəsinlər. Bu da olmadı. Mənsuru tapa bilmirdilərsə, mən buradaydım. Zəng edib onun əlaqə nömrəsini ala bilərdilər. Heç biri bunu etmədi. Vasif mənə dedi ki, “Mənsurla danış, ona bir az hörmət edək, bizdən əl çəksin”. Dedim ki, icazə vermir. Mənsur bəy İrandan Azərbaycana onları məhkəməyə vermək üçün gəlmişdi. Amma sonradan fikrini dəyişdi. Dedi ki, bir mahnıya görə o taylı-bu taylı Azərbaycan arasında qalmaqal yaratmaq istəmir. Buna baxmayaraq, müəllifdən halallıq almalı idilər. Təəssüf ki, bunu da etmədilər. Məhkəməyə verə bilərdi, amma böyüklük göstərdi. Təəssüf ki, qarşı tərəfdən eyni münasibəti görmədi. Bu mahnı nə qədər baxış toplasa da, onun qonorarı müəllif Mənsur bəyə çatacaq”.
30 ildən artıqdır səhnədə fəaliyyət göstərən Xalq artisti sənətini digər ifaçılarla müqayisə edənlərə də münasibət bildirib:
“Nə sənətimi, nə də şəxsiyyətimi kiminləsə müqayisə etmək olmaz. Hər kəsin öz sənəti, öz yolu və öz şəxsiyyəti var”.
Gülyanaq Məmmədova yaxın vaxtlarda “Nazlanma” mahnısına klip də çəkiləcəyini bildirib.













