Zəngəzur mahalının Acıbac kəndi – Qərbi Azərbaycanın tarixi yurdlarından biri
Acıbac kəndi Zəngəzur mahalının Qafan bölgəsinə aid tarixi Azərbaycan yaşayış məntəqələrindən biridir. Kəndin keçmişi, coğrafi mövqeyi, adı və əhalisinin tarixi haqqında məlumatlar onun Qərbi Azərbaycanın tarixi-mədəni irsinin öyrənilməsi baxımından əhəmiyyətini göstərir.
Acıbac kəndi Qafan şəhərindən təxminən 40 kilometr məsafədə, Gığı çayının sol qolu olan Acıbac çayının sahilində, Bərgüşad sıra dağlarının ətəyində yerləşirdi. Dəniz səviyyəsindən təxminən 1950 metr yüksəklikdə yerləşən kənd dağlıq relyefi və meşəlik əraziləri ilə seçilirdi. Tarixi mənbələrdə kəndin adı Acıbacı və Acıbazı formalarında da işlədilib.
Kəndin tarixinin XVI əsrə gedib çıxdığı bildirilir. 1593-cü ildə Osmanlı imperiyası tərəfindən tərtib edilmiş “Urut və İskəndər qalası livalarının müfəssəl dəftəri”ndə Acıbac yaşayış məntəqəsinin adı qeyd olunub. 1874-cü ilə aid kameral təsvirə əsasən, kənddə Sofulu türk tayfasından olan 22 ailə yaşayırdı. Acıbac həmçinin bu tayfanın qışlaq yerlərindən biri kimi tanınıb.
Acıbacın tarixi abidələri arasında XVII əsrə aid Tağlı məscidi xüsusi yer tuturdu. Müsəlman-türk memarlıq üslubunda inşa edilmiş bu məscid yalnız kənd sakinlərinin deyil, ətraf yaşayış məntəqələrinin əhalisinin də ibadət yeri olub. Mənbələrdə onun bölgənin böyük dini məkanlarından biri olduğu bildirilir. 1918-ci ildə məscid yandırılaraq dağıdılıb, qalıqları isə 1988-ci ilə qədər mövcud olub.
Kəndin əhalisinə dair statistik məlumatlar da Acıbacın azərbaycanlı yaşayış məntəqəsi olduğunu göstərir. Mənbələrdə 1886-cı ildə kənddə 202 nəfər, 1897-ci ildə isə 34 nəfər azərbaycanlının yaşadığı qeyd olunur. 1918-ci ildə baş verən hadisələr zamanı kəndin dağıdıldığı, əhalinin hücumlara məruz qalaraq Ordubad istiqamətinə qaçdığı bildirilir. Sovet hakimiyyəti qurulduqdan sonra sakinlərin bir hissəsi doğma kəndlərinə qayıdaraq təsərrüfatlarını bərpa ediblər.
Sonrakı illərdə kənddə əhali yenidən artıb. Statistik göstəricilərə əsasən, 1922-ci ildə 77, 1926-cı ildə 90, 1931-ci ildə 115, 1939-cu ildə 134, 1959-cu ildə 190, 1970-ci ildə 227, 1979-cu ildə isə 202 nəfər azərbaycanlı yaşayıb. Kənddə məktəb, klub, kitabxana və tibb məntəqəsi də fəaliyyət göstərib.
1988-ci ilin noyabrında Acıbacın azərbaycanlı əhalisi yenidən doğma yurdlarından deportasiya edilib. Bununla da kənddə azərbaycanlıların çoxəsrlik yaşayışına son qoyulub. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 aprel 1991-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Acabac adlandırılıb.
Bu gün Acıbac adı tarixi mənbələrdə, arxiv sənədlərində və doğma yurdlarından didərgin düşmüş insanların xatirələrində yaşayır. Dağların qoynunda yerləşən bu qədim kəndin tarixi, Tağlı məscidinin xatirəsi və sakinlərinin yurd həsrəti Zəngəzurun unudulmayan keçmişinin bir parçasıdır.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
Ramiz İsmayılov














