Konqo Demokratik Respublikasının Mərkəzi Konqo əyalətindəki Madimba kəndində səbəbi bilinməyən sirli bir xəstəlik çaxnaşmaya səbəb olub. İlkin simptomları şiddətli baş ağrıları və huşunu itirmə olan dörd lisey şagirdi də daxil olmaqla beş nəfər xəstəlikdən ölüb. Tibbi və logistik dəstək üçün təcili çağırış edilib.
Gündəm24.az xəbər verir ki, Associated Press (AP) agentliyinin məlumatına görə, Konqo Demokratik Respublikasının qərbindəki Konqo-Mərkəzi əyalətində ortaya çıxan sirli xəstəlik qısa müddətdə beş insanın həyatına son qoyub, onlardan dördü Madimba Liseyinin şagirdləridir. Yoluxma hallarının sürətlə artması bölgədə səhiyyə qruplarını həyəcan vəziyyətinə gətirib, simptomlar isə şiddətli baş ağrısı və huşunu itirmə ilə başlayaraq qısa müddətdə ölümə səbəb olub.
Səlahiyyətlilər ilkin qiymətləndirmələrə görə xəstəliyin bakterial meningit ola biləcəyini bildiriblər, lakin diaqnozun təsdiqi üçün laboratoriya analizləri davam edir. Bu infeksiya xüsusilə səhiyyə infrastrukturu zəif olan ərazilərdə sürətlə yayıla və ölümcül nəticələr yarada bilər.
Regional səhiyyə qurumları təcili tibbi ləvazimatlar, ekspert qrupları və logistika dəstəyi çağırışı edib. Həmçinin, pandemiyanın yayılma riskini azaltmaq üçün təmas izlənməsi və profilaktik tədbirlər həyata keçirilir.
Sədaqət Həsənova














