Yaxın Şərqdə artan gərginlik Dubayın daşınmaz əmlak və turizm bazarlarına təsir göstərməyə başlayıb. Hücumlardan sonra mənzil qiymətləri və otel rezervasiyalarında əhəmiyyətli endirimlər müşahidə olunub. Bazarda təxminən 35% azalma qeydə alınıb.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, mütəxəssislər bildirirlər ki, investorlar qeyri-müəyyənlik səbəbindən Dubay əvəzinə Türkiyə və Şimali Kipr kimi alternativ bazarlara yönələ bilərlər.
Son illərdə yüksək kirayə gəlirləri və lüks yaşayış imkanları sayəsində Dubay investorlar və turistlər üçün cazibədar şəhər olub. Lakin hücumlardan sonra həm mənzil satışlarında, həm də kirayə bazarında əhəmiyyətli endirimlər müşahidə olunub.
Bilet saytlarında kirayə mənzil qiymətləri gecəlik təxminən 20 manata düşüb. Bəzi lüks otellər isə doluluğu təmin etmək üçün endirim kampaniyalarına başlayıb.
Daşınmaz əmlak məsləhət assosiasiyasından Hakan Akçam açıqlamasında bildirib ki, bölgədəki qeyri-müəyyənlik Dubay bazarında durğunluq yaradıb:
“İnvestorlar etibarlarını itirdikdən sonra əmlaklarını sata və investisiyalarını fərqli ölkələrə yönəldə bilər. Dubaya maraq, xüsusən orta müddətli dövrdə, azala bilər”.
Mütəxəssislər hesab edirlər ki, Dubaydan çıxan investisiyalar üçün Türkiyə və Şimali Kipr ön plana çıxa bilər. Bu bölgələr təhlükəsiz sayılır və davam edən tikinti layihələri ilə investorları cəlb edir.
“Master Group” Prezidenti Gökhan Taş bildirib ki, müharibə səbəbindən Dubay daşınmaz əmlak bazarında qiymətlərdə təxminən 35% azalma qeydə alınıb.
Taş əlavə edib ki, bazarın gələcəyi münaqişələrin gedişatından asılıdır, lakin təcili satışlar da azalmada rol oynayıb. Mütəxəssislər hesab edirlər ki, Dubayın uzun müddət “təhlükəsiz şəhər” imici qiymət artımlarını dəstəkləyən əsas amillərdən biri olub və hazırkı gərginlik bu imicə ciddi zərbə vurur.













