Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Psixiatriya yardımı haqqında” Qanununda dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Dəyişikliyə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə psixiatriya yardımının gecikdirilməsi onun özünün, yaxud başqa şəxslərin həyat və sağlamlığına təhlükə yaradarsa, şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması ilə bağlı qərar inzibati xətaya dair iş üzrə icraatı aparan prokuror və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsi tərəfindən qəbul edilir.
Yeni qaydaya əsasən, əgər həmin şəxsin psixi vəziyyəti onun özü və ya ətrafdakılar üçün dərhal təhlükə yaradırsa, müayinə üçün onun razılığı tələb olunmayacaq. Belə qərarı isə icraatı aparan prokuror və ya qanunla səlahiyyət verilmiş vəzifəli şəxs qəbul edəcək.
Dəyişiklik cəmiyyətdə müxtəlif suallar yaradıb. Məcburi psixiatriya müayinəsi hansı hallarda tətbiq ediləcək? Bu mexanizm kimlərə şamil olunacaq? Yeni norma ictimai təhlükəsizliyin gücləndirilməsinə necə təsir göstərəcək və eyni zamanda insan hüquqlarının qorunması necə təmin ediləcək?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, “Psixiatriya yardımı haqqında” Qanuna son dəyişikliklərin əsas məqsədi həm cəmiyyətin təhlükəsizliyini təmin etmək, həm də psixi vəziyyəti səbəbindən özünə və ya ətrafdakılara real təhlükə yarada biləcək şəxslərin vaxtında tibbi qiymətləndirilməsini mümkün etməkdir. Sədr müavininin sözlərinə görə, burada söhbət hər hansı inzibati xəta törətmiş şəxsdən deyil, yalnız davranışları psixi pozuntu ehtimalı yaratdığı və həmin vəziyyətin özü və ya ətrafdakılar üçün dərhal təhlükə təşkil etdiyi hallardan gedir:

“Belə vəziyyətlərdə şəxsin razılığı olmadan psixiatriya müayinəsinin aparılması barədə qərar icraatı aparan prokuror və ya qanunla səlahiyyət verilmiş vəzifəli şəxs tərəfindən qəbul edilə bilər. Bu dəyişiklik cəza tədbiri deyil və şəxsin psixi xəstə kimi qiymətləndirilməsi anlamına gəlmir. Məcburi müayinə yalnız tibbi qiymətləndirmənin aparılmasına xidmət edir. Sonrakı bütün tibbi qərarlar isə qanunvericiliyin tələblərinə uyğun şəkildə, həkim-psixiatrların peşəkar rəyi əsasında verilir”.
Millət vəkili qeyd edib ki, dəyişiklik cəmiyyət üçün bir neçə mühüm yenilik gətirir:
“İlk növbədə, psixi vəziyyətlə bağlı riskli hallara daha operativ reaksiya verilməsi mümkün olacaq. Bu, həm vətəndaşların, həm də həmin şəxsin özünün təhlükəsizliyinin qorunmasına xidmət edir. Eyni zamanda, hüquq-mühafizə orqanları ilə səhiyyə sistemi arasında əməkdaşlıq daha aydın hüquqi çərçivəyə salınır və fövqəladə vəziyyətlərdə qərarvermə mexanizmi dəqiqləşdirilir. Bununla yanaşı, bu səlahiyyətin tətbiqi zamanı insan hüquqlarının qorunması xüsusi əhəmiyyət daşıyır. Qanunun məqsədi heç bir halda psixiatrik müayinədən təzyiq və ya cəza vasitəsi kimi istifadə etmək deyil. Bu mexanizm yalnız qanunda nəzərdə tutulmuş əsaslar olduqda və real təhlükə mövcud olduğu hallarda tətbiq edilməlidir. Belə olduqda həm cəmiyyətin təhlükəsizliyi, həm də şəxsin fundamental hüquqları arasında zəruri balans qorunmuş olur”.













