Aprel ayının gəlişi ilə birlikdə paytaxt bazarlarında və market rəflərində artıq mövsümün ilk çiyələkləri görünməyə başlayıb. Təbiətin bu nazlı meyvəsi öz rəngi və ətri ilə hər kəsi cəlb etsə də, vaxtından əvvəl satışa çıxarılan çiyələklərin sağlamlıq üçün nə dərəcədə təhlükəsiz olması hər zaman müzakirə mövzusudur.
Xüsusilə sosial şəbəkələrdə yayılan iddialar — çiyələklərin süni şəkildə rənglənməsi, dadlandırılması və böyümə stimullaşdırıcı kimyəvi maddələrdən həddindən artıq istifadə edilməsi istehlakçılar arasında ciddi narahatlıq yaradır. Çiyələk təbii şəraitdə may ayının sonu və iyun aylarında yetişən bir meyvə olduğu üçün, aprel ayında qarşımıza çıxan məhsulun tərkibi və keyfiyyəti sual doğurur. Mütəxəssislər xəbərdarlıq edir ki, vizual olaraq cəlbedici görünən bu meyvələr bəzən orqanizm üçün “vitamin bombası” deyil, “kimyəvi tələ” rolunu oynaya bilər.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan qida məsələləri üzrə ekspert Asim Vəliyev bildirib ki, süni mühitdə yetişdirilən erkən çiyələklərdə nitrat və pestisid miqdarı normadan dəfələrlə artıq ola bilər: “Təbii günəş işığı və torpaq enerjisi almadan, yalnız istixana şəraitində, kimyəvi gübrələrin köməyi ilə yetişdirilən çiyələklər bioloji baxımdan tam formalaşmır. Bu cür meyvələrin tərkibindəki nitratlar insan orqanizminə düşdükdə nitritlərə çevrilərək toksiki təsir göstərir və ciddi qida zəhərlənmələrinə, allergik reaksiyalara yol aça bilir”.
Onun sözlərinə görə, çiyələyin xarici görünüşü onun tərkibi haqqında çox şey deyir: “Əgər çiyələk həddindən artıq böyükdürsə, içərisi boşdursa və təbii ətri yoxdursa, deməli, onun yetişdirilməsində hormonlardan və kimyəvi inkişaf sürətləndiricilərdən istifadə olunub. Təbii çiyələyin toxumları meyvənin səthində bir qədər çökük olur, lakin kimyəvi qatqılı məhsullarda bu toxumlar səthdə qabarıq və çox parlaq görünür. İstehlakçılar məhsul alarkən mütləq onun qoxusuna diqqət etməlidirlər; həqiqi çiyələk kəskin və xoş ətri ilə seçilir”.
Ekspert qeyd edib ki, mövsümündən əvvəl bu meyvələri istehlak etmək xüsusilə uşaqlar və hamilə qadınlar üçün risklidir: “Erkən çıxan çiyələkləri alarkən riskləri minimuma endirmək üçün onları ən azı 15-20 dəqiqə soyuq suda saxlamaq lazımdır ki, səthindəki kimyəvi qalıqlar təmizlənsin. Lakin ən doğru addım meyvə və tərəvəzləri öz təbii mövsümündə istehlak etməkdir. Unutmayaq ki, aprel çiyələyi dadsız olduğu qədər də orqanizm üçün ağır yük ola bilər”.














