Azərbaycanda heyvandarlıq sektorunda keyfiyyətin artırılması və bazarın daha effektiv tənzimlənməsi məqsədilə yeni yanaşmalar gündəmə gəlməkdədir. Xüsusilə, heyvanların kəsilməsi üçün minimum yaş və ya çəki həddinin müəyyən edilməsi təşəbbüsü həm istehsalçılar, həm də istehlakçılar üçün mühüm dəyişikliklər vəd edir. Bu addımın ət istehsalına və qiymətlərin formalaşmasına təsiri isə geniş müzakirə olunur.
Bəs belə bir tənzimləmə heyvandarlığın inkişafına və ət bazarındakı qiymətlərə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Asif İbrahimov bildirib ki, Azərbaycanda heyvanların kəsilməsi üçün minimum yaş və ya çəki həddinin müəyyən edilməsi heyvandarlıq sektorunun strukturuna və ət bazarına birbaşa təsir göstərə biləcək mühüm addımdır.

“Bu təşəbbüsün əsas məqsədi erkən kəsim hallarının qarşısını almaq, heyvanların daha optimal çəkidə bazara çıxarılmasını təmin etmək və ümumilikdə ət istehsalının səmərəliliyini artırmaqdır.
Belə bir tələbin tətbiqi fermerləri heyvanları daha uzun müddət bəsləməyə təşviq edəcək. Bu isə məhsuldarlığın artmasına və daha keyfiyyətli ət istehsalının genişlənməsinə gətirib çıxara bilər. Eyni zamanda, bu yanaşma yem bazasının inkişafına və müasir bəsləmə texnologiyalarına marağı artıraraq sektorun daha peşəkar və dayanıqlı inkişafına təkan verəcək”.
Asif İbrahimov vurğulayıb ki, bu dəyişikliklərin ət qiymətlərinə təsiri də qaçılmazdır.
“Qısa müddətdə bazarda müəyyən təzyiqlər yarana bilər. Belə ki, erkən kəsimlərin məhdudlaşdırılması səbəbilə təklif müvəqqəti azala, fermerlərin yem, saxlanma və baytarlıq xərclərinin artması isə maya dəyərinin yüksəlməsinə səbəb olacaq. Bu amillər ilkin mərhələdə ət qiymətlərində artım yarada bilər.
Orta və uzun müddətli perspektivdə vəziyyət stabilləşəcək. Daha iri çəkili heyvanların bazara çıxması ümumi təklifi artıracaq, effektiv istehsal və məhsuldarlıq isə qiymətlərin balanslaşmasına şərait yaradacaq”.
Ekspert mümkün risklərə də diqqət çəkib. Onun sözlərinə görə, bu tələblər kiçik fermerlər üçün əlavə maliyyə yükü yarada bilər.
“Eyni zamanda, yem bazasının yetərsizliyi qiymət artımını daha da sürətləndirə, nəzarət mexanizmləri zəif olduğu halda isə qeyri-rəsmi kəsim hallarının artması müşahidə olunacaq.
Nəticə etibarilə, minimum yaş və ya çəki həddinin tətbiqi düzgün planlaşdırılarsa, uzunmüddətli dövrdə heyvandarlığın inkişafına, məhsuldarlığın artmasına və bazarın daha sistemli formalaşmasına müsbət təsir göstərə bilər. Bununla yanaşı, qısamüddətli dövrdə yaranacaq qiymət artımı riski və fermerlərin üzləşə biləcəyi əlavə xərclər nəzərə alınmalı, paralel olaraq dövlət dəstək mexanizmləri gücləndirilməlidir”.














