Amerikalı analitiklərin fikrincə, Rusiya Prezidenti Vladimir Putin şəxsən Viktor Orbanı dəstəkləyib, onun məğlubiyyəti Moskvanın Avropa İttifaqındakı (Aİ) əsas tərəfdaşlarından birini itirməsi deməkdir.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Moskva parlament seçkilərində qalib gələn müxalif “Tisa” partiyasının sədri Peter Madyarı təbrik etməyəcək. O, həmçinin Rusiyaya qarşı sanksiyalara dəstəyə görə Macarıstanı “dost olmayan ölkə” adlandırıb və Aİ ilə münasibətlərin ən aşağı səviyyədə olduğunu vurğulayıb.
Rusiya-Macarıstan münasibətləri bundan sonra kəskin fazaya keçəcəkmi? Putin Macarıstanda siyasi sistemdə dəyişikliyə cəhd göstərə bilərmi?
Sfera.az-a bu barədə açıqlama verən siyasi şərhçi Çingiz Şahbazi bildirib ki, Viktor Orbanın dönəmində Macarıstan Avropa İttifaqı daxilində Rusiyaya qarşı ən yumşaq mövqe tutan ölkələrdən biri olub:

“Bir çox məsələlərdə, xüsusilə də qaz sahəsində Orban hökumətinin yürütdüyü siyasət nəticəsində Moskva ilə əməkdaşlıq əlaqələri mövcuddur. Avropa İttifaqında Rusiyaya qarşı tətbiq edilən sanksiyaların bir çoxunda Budapeşt əngəlləyici rol oynayıb və Rusiyanı daha çox qoruyub. Əlbəttə ki, keçirilən parlament seçkilərində Viktor Orbanın partiyası, baxmayaraq ki, Vladimir Putin və Donald Trampın dəstəyi olub, yenə də xalqın əksər dəstəyini əldə edə bilmədi və hökuməti qurmaq üçün yetərli sayda səs toplaya bilmədi. Keçirilən seçkinin nəticələrinə görə ölkənin müxalifət partiyası “Tisa” və onun sədri Peter Madyar yeni hökuməti quracaq. Bu, Macarıstan-Rusiya münasibətlərinə öz təsirini göstərəcək. Yeni hökumət böyük ehtimalla Avropa İttifaqı və NATO xəttini götürəcək. Bu da öz növbəsində Rusiyaya qarşı sanksiyalara qoşulmaq deməkdir. Şübhəsiz ki, belə bir vəziyyət Rusiyanın sərt reaksiyası ilə cavablandırıla bilər. Dmitri Peskovun Macarıstandakı seçkilərlə bağlı verdiyi açıqlama, əlbəttə ki, qalib gələn qərbpərəst müxalifəti nəzərdə tutan ilkin siqnaldır. Orbanın məğlubiyyətini Rusiya üçün növbəti itki hesab etmək olar. Avropa İttifaqında veto hüququ olan Macarıstan, Ukrayna siyasətində Rusiyaya dolayı yolla nəfəs verirdi. Orban, Tramp və Putinlə yaxınlığı ilə daha çox seçilirdi və onun özünə məxsus təsir mexanizmləri hökumət başçısı olduğu bütün dövrlərdə Qərb birliyini zəiflədən faktorlar arasında yer alıb”.
Siyasi şərhçi əlavə edib ki, Orbanın partiyasının seçkiləri uduzması bu baxımdan Rusiyanın Avropadakı təsir mexanizmlərini məhdudlaşdıracaq:
“Macarıstan Rusiyadan qaz asılılığı olan ölkələrdən biridir və bu asılılıq Kreml üçün əsas rıçaqlardan hesab olunur. Yeni hökumət bu asılılığı azaltmağa çalışacaq və hesab edilir ki, genişlənməkdə olan Aİ-nin enerji siyasətinə qoşulmağa cəhd göstərəcək. Rusiya ilə Macarıstan arasında bir çox sahələrdə mövcud olan əməkdaşlıq layihələrinin yenidən nəzərdən keçirilməsi ehtimalı da yüksəkdir. Bu baxımdan Putinin Macarıstanla münasibətlərinin strateji tərəfdaşlıqdan daha soyuq və ehtiyatlı münasibətlərə keçməsi daha çox ehtimal olunur və Rusiya Macarıstandakı birbaşa siyasi təsirini böyük ölçüdə itirə bilər”.














