Türkiyədə müxalifətə qarşı atılan son addımlar ölkənin siyasi gələcəyi ilə bağlı ciddi suallar doğurur. Cümhruiyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Kamal Kılıçdaroğlunun həbs edilməsi, Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş haqqında istintaqın başlanması və bundan 13 ay əvvəl İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun tutulması hakimiyyət–müxalifət münasibətlərində gərginliyin daha da artdığını göstərir.
Bəzi analitiklərin fikrincə, Türkiyədə siyasi müxalifətin fəaliyyət imkanları məhdudlaşdırılır və ya sistemli şəkildə sıradan çıxarılır.
Gündəm24.az xəbər verir ki, globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, CHP Türkiyədə ana müxalifətdir:
“Bu baxımdan hakimiyyətin CHP-yə təzyiq göstərməsi, əslində təəccüblü olmamalıdır. Bu, siyasi partiyalar arasında mübarizənin təzahürüdür və bütün dövlətər üçün xarakterikdir. Hər halda, müxalifət də hakim Ədalət və İnkişaf Partiyasını (AKP) gözdən salmaq üçün az iş görmür.
O cümlədən, adı çəkilən siyasilərin tutulmasının və istintaqın başlamasının konkret əsasları var. Yəni bunu iqtidarın birbaşa təzyiqi kimi təqdim etmək doğru olmaz. Hərçənd, buna çalışanlar var.
Düşünürəm ki, proses ya çox çəkməyəcək, ya “zərgər dəqiqliyi” ilə davam edəcək. Çünki ölkədə CHP tərəfdarları çoxdur. Hakimiyyət onların ayağa qalxmasını istəməz. Bu, siyasi sabitliyi poza bilər. İndiki anda Türkiyə iqtidarına lazım olmayan ssenaridir”.














