Azərbaycanda pensiyaların bölgələr üzrə fərqli tarixlərdə ödənilməsi məsələsi uzun müddətdir müzakirə olunur. Xüsusilə, vətəndaşların maliyyə öhdəlikləri – kredit ödənişləri, kommunal xərclər və gündəlik tələbat fonunda bu fərqlər narazılıq yaradır.
Bəs pensiyaların bütün ölkə üzrə eyni vaxtda və ya maksimum 1–2 gün fərqlə verilməsi nə dərəcədə realdır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, əslində pensiyalar eyni gündə ödənilməlidir və bu məsələdə fərqlərə yol verilməsi doğru yanaşma deyil.

“Bütün vətəndaşların gözlədiyi konkret tarix mövcuddur və bu onların maliyyə planlamasında mühüm rol oynayır. Burada hər hansı şəkildə belə fərqə yol verilməməlidir. Çünki bütün vətəndaşların gözlədiyi dəqiq vaxt var. Həm kreditlərin ödənilməsi, həm borclar və zəruri tələbatla bağlı məsələlər gündəmə gəlir. Texniki imkanlar da bir daha gözdən keçirilməli, eyni vaxtda və ya qısa aralıqlarla da olsa, yaxın vaxtlarda verilməsi hər kəs üçün daha ədalətli addımdır.”
Qeyd edək ki, hazırda Azərbaycanda pensiyaların ödənişi regionlara görə mərhələli şəkildə həyata keçirilir. Bank infrastrukturunun genişləndirilməsi və rəqəmsal ödəniş sistemlərinin inkişafı gələcəkdə pensiyaların vahid tarixdə verilməsi imkanlarını artıra bilər.














