Abşeron rayonu Masazır qəsəbəsində güclü yağışlardan sonra yaranan fəsadlar yüzlərlə ailənin evlərini tərk etməsinə səbəb olub.
Gündəm24.az Bakupost.az-a istinadən xəbər verir ki, yaranan ciddi su və kanalizasiya problemi nəticəsində 500-dən çox ailə artıq evlərini tərk edərək, kirayə mənzillərdə yaşadıqlarını bildirirlər.
Sakinlər aidiyyəti qurumlara müraciət edərək çirkab suların çəkilməsinin sürətləndirilməsini, sular tam çəkilənə qədər kirayə pulu və ya müvəqqəti yaşayış yeri ilə təmin olunmalarını tələb edirlər.
Mövcud vəziyyətlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qrumundan bildirildi ki, intensiv yağışların fəsadları əsasən kanalizasiya və drenaj sistemlərinin olmadığı, habelə relyef baxımından əlverişsiz ərazilərdə müşahidə edilir:
“Yağış sularının tullantı xətlərinə yönləndirilməsi şəbəkənin həddindən artıq yüklənməsinə və daşqınlara səbəb olur. Bir çox evlərin təyinatı üzrə olmayan torpaqlarda inşası problemi daha da dərinləşdirsə də, sukanal idarələri suyun çəkilməsi üçün sakinlərə operativ köməklik göstərir. Hazırda Bakı və Abşeronun infrastrukturdan məhrum ərazilərində yeni şəbəkələrin qurulması üçün genişmiqaslı layihələrin icrası davam etdirilir”.
Bəs sakinlərin kirayə pulu və ya müvəqqəti yaşayış yeri tələbi qarşılana bilərmi?
Məsələ ilə bağlı “Əmlak Ekspert Mərkəzi”nin direktoru Ramil Osmanlı bildirib ki, yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün dövlət büdcəsindən ayrılan 85 milyon manatdan çox vəsait vətəndaşların maddi itkilərinin qarşılanmasında həlledici rol oynayacaq:
“Prezidentin sərəncamı ilə zərərçəkənlərə dəymiş ziyanı qarşılamaq üçün büdcədən 85 milyon manat vəsait ayrılıb. Hazırda Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyətləri tərəfindən zərərin qiymətləndirilməsi aparılır. Əgər vətəndaşın yaşayış sahəsinə həqiqətən ziyan dəyibsə, onlara kompensasiya ödəniləcək. Burada əsas məqamlardan biri də ‘özbaşına tikili’ sayılan, sənədsiz evlərlə bağlıdır. Bu məsələlər xüsusi daxili qaydalarla tənzimlənəcək, dövlətin əsas hədəfi hər bir vətəndaşa dəstək olmaqdır.”













