YAP Sumqayıt şəhər təşkilatının inzibati binasında Sumqayıt Bələdiyyəsinin 2026-cı ilin birinci yarısı üzrə fəaliyyətinə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Sumqayit24.az xəbər verir ki, bələdiyyə sədri Adil Xudadatov çıxışında hesabat dövrü ərzində 18 iclas keçirildiyini, bu toplantılarda ümumilikdə 761 məsələnin müzakirə olunduğu, quruma müraciət edən 1085 vətəndaşın qəbul edildiyi, daxil olan ərizə və müraciətlərə qanunvericiliyə uyğun baxıldığı, həmçinin şəhid ailələri və qazilərlə görüşlərin keçirildiyini bildirib.
Məlumata görə, 2026-cı ilin ilk yarısında yerli sosial müdafiə və inkişaf proqramları çərçivəsində bir sıra layihələr həyata keçirilib. May ayında Yaşıldərə Yeni Yaşayış massivində “Bələdiyyə parkı” istifadəyə verilib, Novruz bayramı münasibətilə burada sakinlər üçün tədbir təşkil olunub. Bundan başqa, Sumqayıt Bulvarında sahəsi 1700 kvadratmetr olan yeni inzibati bina alınıb. Hesabat dövründə şəhərin müxtəlif ərazilərində yolların təmiri və asfaltlanması, küçələrin işıqlandırılması, yaşıllıq zolaqlarının salınması, məhəccərlərin quraşdırılması, parkın saxlanılması və digər abadlıq işləri görülüb. Yeni Yaşayış massivində dəmir yolu üzərindən beton panelli keçid körpüsü və 250 metrlik kanalizasiya xətti inşa edilib.
Bildirilib ki, məhəllə komitələri tərəfindən də bir sıra infrastruktur layihələri icra olunub, küçə ticarətinə qarşı reydlər və ictimai nəqliyyatda maarifləndirici tədbirlər keçirilib. Cari ilin əvvəlindən “Bələdiyyə parkı”nda 19 min kvadratmetr qazon sahəsinə xidmət göstərilib. Həmçinin bələdiyyə nümayəndə heyəti may ayında Türkiyənin Samsun şəhərinə səfər edərək 19 May – Atatürkü Anma, Gənclər və İdman Bayramı tədbirlərində iştirak edib.
Yığıncaqda bələdiyyə sədrinin müavinləri fəaliyyət sahələri üzrə hesabat təqdim ediblər. Daha sonra çıxış edən aidiyyəti qurumların nümayəndələri Sumqayıt Bələdiyyəsinin fəaliyyətini qiymətləndiriblər. Tədbirin sonunda bir qrup bələdiyyə qulluqçusuna Fəxri Fərmanlar təqdim olunub.














