Çapar – Milli İrsin Tədqiqi Mərkəzi İctimai Birliyinin Qərbi Azərbaycanın tarixi-mədəni irsinin öyrənilməsi, tədqiqi, təbliği, arxiv irsinə dəstək mövzusunda həyata keçirdiyi layihə tamamlanıb.
Bu barədə AFN.az-a birliyin sədri Dilqəm Əhməd bildirib.
O qeyd edib ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Qeyri Hökumət Təşkilatları üçün elan etdiyi 2025-ci il Qrant müsabiqəsi çərçivəsində mərkəz tərəfindən Qərbi Azərbaycandan olan köçlər araşdırılıb, həmin bölgədən olan mühacirlərin bioqrafiyaları qələmə alınıb: “Layihə çərçivəsində “Qərbi Azərbaycandan köçlər. Mühacirlər, sənədlər, xatirələr” adlı kitabımız işıq üzü görüb. Geniş həcmli kitabdakı materialları əsasən Türkiyə arxivlərindən və İstanbulda tanış olduğumuz keçmiş irəvanlıların ailə arxivlərindən toplamışıq. Kitabda Türkiyə arxivləri əsasında Qərbi Azərbaycandan Qars, Bəyazid, Muş, Van kimi bölgələrə köçlərlə bağlı məlumat verilib, eləcə də İstanbul və Qars şəhərlərində üzərində İrəvan və bölgələrinin adları yazılan məzar daşlarının fotoşəkilləri çəkilib. İstədik ki, yurd yerinin adlarının yaşadıldığı bu məzar daşlarını tarixə köçürək, gələcək nəsillərə çatdıraq”.
D. Əhməd Türkiyə parlamentində İrəvan əsilli millət vəkillərinin də olduğunu qeyd edib: “Türkiyə Böyük Millət Məclisində Əlirza İsmixanov, Çingiz Ekinci, Abbasəli Çetin kimi İrəvan, Gümrü doğumlu millət vəkilləri olub. Kitabda onların da bioqrafiyasını vermişik. Eləcə də Azərbaycan Cümhuriyyətini 1920-ci ilin yanvarında Parisdə tanıdan heyətin iki üzvü – Əkbər ağa Şeyxülislamzadə və Məhəmməd Məhərrəmov da Qərbi Azərbaycanda doğulublar. Kitabımızda bir sıra orijinal ailə arxivlərinə əsaslanan məqalələr də mövcuddur. Məsələn, İrəvan xanlarının soyundan olan Turxan Turqut bəylə İstanbulda evində söhbətləşmiş, ailə arxivinin surətini əldə etmişdik. Eləcə də Talın bölgəsinin xanlarından Hüseyn xan Talınlının qızı Güven xanımla İstanbulda görüşərək atası haqqında zəngin bilgilər toplamışdıq. İrəvanlı Sabit Uluxan atasının əlyazma xatirəsini böyük lütfkarlıq göstərərək bizə təqdim etmişdi. Həmçinin Türkiyənin tanınmış hakimlərindən Tahir Mehmandarlının oğlu Umud bəy bizə ailəsi haqqında geniş məlumat və arxiv materialları vermişdi. Bu baxımdan layihəmizin nəticəsi olan kitabımızda xeyli yeni bilgilər var”.
D. Əhməd kitabda Qərbi Azərbaycandan olan mühacirlərin irsindən nümunələrin yer aldığını da ifade edib.
Qeyd edək ki, 16 iyul saat 15:00-da Qərbi Azərbaycan İcmasında kitabın görkəmli alimlərin iştirakı ilə geniş təqdimatı olacaq.














