Ermənistanın MDB-dən uzaqlaşma siyasəti ilə bağlı yeni əlamət ortaya çıxıb. Aşqabadda keçirilən MDB İqtisadi Şurasının 111-ci iclasında İrəvandan hökumətin heç bir üzvü iştirak etməyib. Adəıtən, bu tədbirdə Ermənistanı baş nazir Nikol Paşinyanın müavini Mher Qriqoryan təmsil edirdi. Bu dəfə isə Ermənistan toplantıda yalnız MDB-də daimi nümayəndəlik səviyyəsində təmsil olunub.
Musavat.com təşkilatın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabadda MDB İqtisadi Şurasının 111-ci iclası keçirilib. Toplantıda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov, Ermənistanı isə Belarusdakı fövqəladə və səlahiyyətli səfir, MDB-nin nizamnamə və digər orqanlarında daimi səlahiyyətli nümayəndə Razmik Xumaryan təmsil edib.
Burada diqqətçəkən məqam Ermənistanın nümayəndə heyətinin tərkibidir. Azərbaycan hökumət səviyyəsində yüksək vəzifəli şəxslə təmsil olunduğu halda, İrəvan Aşqabada hökumətdən heç kimi göndərməyib. Ermənistanın adından toplantıda iştirak edən şəxs MDB-də daimi nümayəndəlik funksiyasını həyata keçirən diplomat olub.
Bu mənzərə İrəvanın son illərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına münasibətdə sərgilədiyi siyasəti xatırladır. Ermənistan əvvəlcə KTMT tədbirlərində iştirakını aşağı səviyyəyə endirdi, daha sonra yüksək səviyyəli nümayəndələri göndərməkdən imtina etdi və təşkilatla münasibətlərini faktiki dondurdu.
İndi oxşar yanaşmanın MDB istiqamətində də müşahidə olunması diqqət çəkir. Ermənistan hələlik MDB-dən rəsmi çıxış barədə qərar verməyib və təşkilatın müxtəlif mexanizmlərində iştirakını tam dayandırmayıb. Lakin hökumət səviyyəsində nümayəndənin Aşqabaddakı mühüm iqtisadi toplantıya göndərilməməsi İrəvanın bu platformaya münasibətinin dəyişdiyini göstərən siyasi siqnal kimi qiymətləndirilə bilər.
Üstəlik, toplantının sıradan protokol tədbiri olmadığı da nəzərə alınmalıdır. MDB İqtisadi Şurasının iclasında nəqliyyat təhlükəsizliyi, qarşılıqlı ticarət, innovasiya, kənd təsərrüfatı, aviasiya, rəqəmsal transformasiya və yüksək texnologiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. 2026–2030-cu illər üçün bir sıra mühüm əməkdaşlıq planları nəzərdən keçirilib.
Belə bir toplantıda Ermənistan hökumətinin təmsil olunmaması İrəvanın MDB ilə münasibətlərində yeni mərhələnin başladığı barədə suallar yaradır.
İrəvanın Qərblə yaxınlaşma siyasəti fonunda bu tendensiya daha da diqqətçəkəndir. Ermənistan bir tərəfdən Avropa İttifaqı və ABŞ-la əlaqələri genişləndirməyə çalışır, digər tərəfdən isə Rusiya və postsovet məkanının əsas siyasi-iqtisadi platformalarında iştirak səviyyəsini tədricən aşağı salır.
KTMT nümunəsində prosesin hansı istiqamətdə inkişaf etdiyi artıq məlumdur. Ermənistan əvvəlcə təşkilat daxilində fəaliyyətini məhdudlaşdırdı, yüksək səviyyəli görüşlərdən çəkildi, daha sonra isə KTMT ilə münasibətlərin gələcəyi barədə açıq şəkildə sərt mövqe ortaya qoydu.İndi eyni ssenarinin MDB-də təkrarlanıb-təkrarlanmayacağı sualı gündəmə gəlir.
Əgər İrəvan MDB-nin iqtisadi platformalarında da hökumət səviyyəsində iştirakdan imtina etməyə davam edərsə, bu, Ermənistanın postsovet inteqrasiya strukturlarından mərhələli şəkildə uzaqlaşmasının daha bir göstəricisinə çevrilə bilər.
Aşqabad görüşünün Moskva üçün daha bir mesajı da məhz budur: Ermənistan MDB-dən hələ çıxmayıb, amma təşkilatın mühüm toplantısına hökumət nümayəndəsi göndərməməklə KTMT-də sınaqdan keçirdiyi “məsafə saxlamaq” modelini başqa bir regional platformada da tətbiq etməyə başlayıb.














