Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibədən sonra ölkədə yaranmış ağır siyasi və sosial-psixoloji böhrandan, eləcə də 2021-ci il növbədənkənar parlament seçkilərindən danışıb.
Gündəm24.az xəbər verir ki, Paşinyan çıxışı zamanı həmin dövrdə xarici ölkələrin liderlərinin ona verdiyi bir sualı illər sonra açıqlayıb.
Paşinyan bildirib ki, 2020-ci il müharibəsindən sonra Ermənistanda etimad, təhlükəsizlik və sosial-psixoloji böhran yaranmışdı. Bu vəziyyətdən çıxmaq üçün 2021-ci ilin iyununda növbədənkənar parlament seçkilərinin keçirilməsi qərara alınıb və o, bunun üçün baş nazir vəzifəsindən istefa verib.
Onun sözlərinə görə, müharibənin nəticələrindən sonra hakim “Vətəndaş Müqaviləsi” Partiyasının yenidən seçkidə qalib gələcəyini çox az adam gözləyirdi. Buna baxmayaraq, partiya parlamentdə çoxluq əldə edərək hökuməti formalaşdırıb.
Paşinyan daha sonra maraqlı detal açıqlayıb. Bildirib ki, seçkidən sonrakı ilk xarici səfərlərində müxtəlif dövlətlərin rəhbərləri və beynəlxalq tərəfdaşlar ona qeyri-rəsmi şəkildə eyni sualı veriblər:
“Necə sağ qaldın? How did you survive?”
Paşinyanın sözlərinə görə, 2021-ci ilin yay və payız aylarında bu sualı onlarla dəfə eşidib və hər dəfə “Bilmirəm” cavabını verib.
Baş nazir indi həmin suala cavabının olduğunu deyib:
“Mən çox sadə bir səbəbə görə sağ qaldım – çünki Allaha inanıram. Bunun başqa səbəbini tapa bilmirəm”.
Paşinyan çıxışını Allaha təşəkkür etməklə yekunlaşdırıb və hər səhər sanki ona “qalx və get” deyildiyini söyləyib.
Musavat.com














