COP31 çərçivəsində keçirilən Liderlər Sammitində iştirak etmək məqsədilə Türkiyəyə səfər edən dövlət və hökumət başçıları arasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan da yer alır. Sammitin keçiriləcəyi Antalyada iki liderin iştirakı ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin müzakirəsi və mümkün görüşün baş tutacağı gözlənilir.
Bəs İlham Əliyev və Nikol Paşinyanın Antalyada mümkün görüşündə hansı əsas məsələlərin müzakirə olunacağı gözlənilir? Tərəflərin gündəliyində sülh sazişinin imzalanması ilə bağlı konkret addımlar ola bilərmi? Ermənistan Konstitusiyasının dəyişdirilməsi, Zəngəzur dəhlizi və sərhədlərin delimitasiyası məsələləri bu görüşün əsas müzakirə mövzularına çevrilə bilərmi?
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb.

Politoloq qeyd edib ki, Azərbaycanla Ermənistan arasında həllini gözləyən üç əsas məsələ var:
“Sülh sazişinin imzalanması, Zəngəzur dəhlizinin, yəni “Tramp yolu”nun fəaliyyətə başlaması, eləcə də sərhədlərin delimitasiyası və demarkasiyası. Sülh sazişinin imzalanması bütövlüklə Ermənistandan asılıdır. Belə ki, Ermənistan Konstitusiyasına dəyişiklik edilməli, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaları ehtiva edən müddəa oradan çıxarılmalıdır. Bunun nə vaxt həyata keçiriləcəyi isə Paşinyandan asılıdır. Fikrimcə, liderlərin görüşündə bu məsələ geniş müzakirə olunmayacaq. Çünki bu, Ermənistanın daxili məsələsidir. Əlbəttə, Azərbaycan sülh sazişinin qısa müddətdə imzalanmasını istəyir. Ancaq saziş imzalanmasa belə, artıq ərazi bütövlüyümüzü təmin etmişik və bu baxımdan bizim üçün hər hansı problem yoxdur. Ona görə də bu məsələnin görüşdə müzakirə ediləcəyini düşünmürəm. Çünki Ermənistan Konstitusiyasına nə vaxt dəyişiklik edəcəyi ilə bağlı qərarı özü verməlidir”.
Politoloq vurğulayıb ki, digər iki məsələ ətrafında isə fikir mübadiləsi aparıla bilər:
“”Tramp yolu”nun Ermənistan ərazisində inşa edilməsi nəzərdə tutulur. Bu, Ermənistanın daxili məsələsi olsa da, Azərbaycan həmin yolun tezliklə fəaliyyətə başlamasında maraqlıdır. Çünki bu, yüklərin daşınmasına imkan verəcək. Azərbaycan üzərinə düşən işləri artıq yerinə yetirib. Dəmir və avtomobil yollarının Zəngəzur dəhlizinə qədər olan hissəsi bitmək üzrədir. İndi Ermənistan bu istiqamətdə işləri sürətləndirməlidir. Ermənistanda da müvafiq işlərə gələn ilin əvvəlindən başlanacağı bildirilir. Bu məsələ ətrafında qısa fikir mübadiləsi aparıla bilər. Digər müzakirə mövzusu isə sərhədlərin delimitasiyası və demarkasiyası ola bilər. Bu istiqamətdə müəyyən müsbət nəticələr əldə edilib. İndi əsas məsələ həmin nəticələri genişləndirməkdir. Bu mövzu ətrafında da fikir mübadiləsinin aparılacağını ehtimal etmək olar. Ümumiyyətlə, liderlərin tez-tez görüşməsi bölgədə sülhün və sabitliyin davamlı xarakter alması baxımından son dərəcə əhəmiyyətlidir”.













