Azərbaycanda müxtəlif nəqliyyat növlərində biletsiz və ya ödəniş etmədən səyahət edən sərnişinlər üçün cərimələr tətbiq olunur.
Gündəm24.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, şəhərdaxili (rayondaxili) sərnişin daşımalarını həyata keçirən avtobuslarda sərnişinin müvafiq qaydada ödəniş etmədən getməsinə görə 5 manat məbləğində cərimə nəzərdə tutulub.
Şəhərlərarası (rayonlararası) sərnişin daşımalarını həyata keçirən avtobuslarda biletsiz səfər edən sərnişinlər isə 15 manat məbləğində cərimə edilir.
Beynəlxalq marşrut üzrə hərəkət edən avtobuslarda biletsiz getməyə görə cərimə məbləği 25 manat təşkil edir.
Dəmir yolu nəqliyyatında sərnişinin biletsiz və ya müvafiq qaydada ödəniş etmədən səfər etməsi 30 manat məbləğində cəriməyə səbəb olur.
Dəniz və çay nəqliyyatında biletsiz səyahət edən sərnişinlər üçün 35 manat məbləğində cərimə tətbiq edilir.
Hava nəqliyyatında isə sərnişinin biletsiz getməsinə görə 40 manat məbləğində cərimə nəzərdə tutulub.














