Süni intellekt texnologiyalarının təhlükəsizlik imkanları genişlənməyə davam edir.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, “OpenAI” platformasında istifadə olunan “ChatGPT” üçün nəzərdə tutulan yeni funksiya ictimaiyyətin diqqətini çəkib. Məlumata görə, “Güvəndiyin Şəxs” adlı yeni təhlükəsizlik sistemi üzərində iş aparılır. Yeni funksiyanın əsas məqsədi istifadəçilərin psixoloji təhlükəsizliyini artırmaq və mümkün riskli hallarda əlavə dəstək mexanizmi yaratmaqdır.
Belə ki, istifadəçi istəsə, sistemdə etibar etdiyi bir şəxsi əvvəlcədən qeyd edə biləcək. İddialara əsasən, “ChatGPT” söhbət zamanı intihar və ya özünə zərər vermə riski ilə bağlı ciddi siqnallar aşkar edərsə, ilk mərhələdə istifadəçiyə xəbərdarlıq göndərəcək. Vəziyyətin kritik olduğu düşünülərsə, istifadəçinin əvvəlcədən əlavə etdiyi şəxsə qısa bildiriş göndərilə bilər.
Bildirilir ki, bu funksiya tamamilə könüllü əsasda işləyəcək və yalnız 18 yaşdan yuxarı istifadəçilər üçün aktiv olacaq. Eyni zamanda, istifadəçilərin məxfiliyinin qorunacağı, söhbət məzmunlarının üçüncü şəxslərlə paylaşılmayacağı vurğulanır. Hazırda funksiyanın nə vaxt istifadəyə veriləcəyi ilə bağlı rəsmi tarix açıqlanmayıb. Bununla belə, texnologiya və etik təhlükəsizlik məsələləri ətrafında müzakirələrin davam etdiyi bildirilir.














