Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keçeli Türkiyə və Ermənistan arasında birbaşa ticarətin başlanması üçün bütün bürokratik prosedurların mayın 11-dən etibarən tamamlandığını elan edib. Bu barədə rəsmi açıqlama nazirlik rəsmisinin “X” sosial şəbəkəsindəki hesabında paylaşılıb.
Gündəm24.az NOCOMMENT.az-a istinadən xəbər verir ki, Keçeli iki ölkə arasında iqtisadi əlaqələrin bərpası istiqamətində mühüm addımların atıldığını vurğulayıb. O qeyd edib ki, ticarət dövriyyəsinin birbaşa həyata keçirilməsi üçün hüquqi və inzibati maneələr artıq aradan qaldırılıb.
Bundan əlavə, XİN nümayəndəsi Ermənistanla ümumi quru sərhədinin açılması istiqamətində zəruri texniki işlərin də davam etdirildiyini bildirib. Sərhəd infrastrukturunun hazırlanması və gömrük-keçid məntəqələrinin fəaliyyətə başlaması üçün aparılan bu işlərin regionda nəqliyyat və logistika əlaqələrinin canlanmasına xidmət edəcəyi gözlənilir.














