Ermənistanda keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanla bağlı yenidən cinayət-hüquqi proseslərin gündəmə gəlməsi yalnız onların gələcəkdə Azərbaycana təhvil verilib-verilməyəcəyi məsələsi ilə məhdudlaşmır. Burada daha geniş və prinsipial bir məsələ var: Birinci Qarabağ müharibəsi və işğal dövründə baş vermiş hadisələrin hüquqi-siyasi nəticələri hələ də tam başa çatmayıb.
Gündəm24.az xəbər verir ki, bu şəxslərin yaxın perspektivdə Azərbaycana ekstradisiyası real görünməyə bilər. Lakin bu, Azərbaycanın Xocalı faciəsi və digər ağır cinayətlərlə bağlı hüquqi mübarizəsindən imtina etməsi anlamına gəlmir. Əksinə, Ermənistanda aparılan istintaq və məhkəmə prosesləri həmin dövrün hadisələri ilə bağlı yeni sənədlərin, şahid ifadələrinin və digər faktların ortaya çıxmasına hüquqi imkan yarada bilər.
Azərbaycan üçün əsas məsələ konkret şəxslərin sabah Bakıya gətirilib-gətirilməsindən daha çox, Qarabağda azərbaycanlılara qarşı törədilmiş ağır cinayətlərin araşdırılması və məsuliyyət daşıyan şəxslərin müəyyən edilməsidir.













