Bu gün mərhum müğənni Elçin Cəlilovun doğum günüdür.
Elçin Əsəd oğlu Cəlilov 17 iyul 1968-ci ildə Sumqayıtda, musiqiçi ailəsində dünyaya gəlib. Ailədə iki qardaş və bir bacı olublar. O, atasını hələ uşaqlıq illərində avtomobil qəzasında itirib. Musiqiyə olan marağı da məhz ailəsindən qaynaqlanıb. Sovet dövründə fəaliyyət göstərən ailə ansambllarından biri də Cəlilovlar ailəsinə məxsus idi. Səkkiz nəfərdən ibarət ansambl müxtəlif şəhərlərdə qastrol səfərlərinə çıxır, konsert proqramları təqdim edirdi. Sonralar Elçin Bülbül adına musiqi məktəbində təhsil alıb, Xalq artisti Şövkət Ələkbərovadan dərs keçib.
Sənət yolunun əvvəlində o, ilk dəfə səhnəyə sazla çıxaraq bir neçə aşıq mahnısı ifa edib. Daha sonra Bakı Musiqi Akademiyasına qəbul olunub və Arif Babayevin tələbəsi olub. Televiziya efirlərində isə əsasən muğam ifaçısı kimi tanınıb. Elçin muğam dəsgahları ilə yanaşı, xalq mahnıları, estrada əsərləri və romansları da uğurla ifa edirdi.
Xanəndəlik fəaliyyətinin ilk illərində nə siqaret çəkir, nə də spirtli içki qəbul edirdi. O, ətrafında utancaq, tərbiyəli və əxlaqlı insan kimi tanınırdı. Qardaşı Yusifin narkotik asılılığından əziyyət çəkməsi Elçinə ağır təsir göstərirdi. Toylardan qazandığı gəliri də əsasən qardaşının müalicəsinə sərf edirdi. Lakin sonrakı illərdə təəssüf ki, Elçinin özü də zərərli vərdişlərə aludə oldu. Qısa müddətdə narkotik vasitələrdən istifadə etməyə başladı, getdikcə arıqladı və səsini itirdi.
Bir müddət sonra qardaşı avtomobil qəzasına düşdü. Elçin anası və qızı ilə birlikdə onu xəstəxanada ziyarət etdi. Geri qayıdarkən Elçinin idarə etdiyi avtomobil yol kənarındakı ağaca çırpıldı. Qəza nəticəsində Elçin və qızı sağ qalsalar da, anası hadisə yerində vəfat etdi. Bu faciədən sonra o, özünü anasının ölümündə günahkar hesab edir, tez-tez “Mən anamı öldürdüm, mən də öləcəyəm, yaşamaq istəmirəm” sözlərini deyirdi.
Narkotik asılılığı qısa müddətdə onun ailəsini də dağıtdı. Həyat yoldaşı Elçinin yenidən narkotik istifadə etdiyini gördükdə onu tərk etdi. Lakin bir müddət sonra Elçin ona zəng edərək bağışlanmasını istədi və kömək etməsini xahiş etdi. O, “Bu dəfə də bacarmasam, anamın qəbrinin üstünə gedib özümü öldürəcəyəm” dedikdən sonra cütlük yenidən barışdı.
Deyilənlərə görə, Elçinin narkomaniyaya qurşanmasına bəzi həmkarlarının təsiri olub.
2005-ci il mayın 10-da səhər saatlarında Elçin Cəlilov yaşadığı mənzildə ölü tapıldı. Cəmi 37 yaşında dünyasını dəyişən sənətkarın ölüm səbəbi kimi narkotik vasitələrdən istifadə göstərildi. O, Mehdiabad qəbiristanlığında dəfn olunub. İddialara görə, ona narkotik vasitə gətirən şəxslərdən biri də qardaşı Yusif idi. Elçinin vəfatından qısa müddət sonra Yusif də dünyasını dəyişib.













