Azərbaycanda aliment öhdəliyi yalnız kişilərə aid deyil.
Bunu Ajans.az-a açıqlamasında hüquqşünas Səməd Vəkilov bildirib.
Onun sözlərinə görə, aliment öhdəliyi cinsə görə deyil, uşağın mənafeyi və məhkəmənin qərarı əsasında müəyyən edilir:
“Aliment öhdəliyi təkcə kişilərə aid deyil. Eyni zamanda, əgər nikahın pozulmasından sonra azyaşlı uşaqlar ataya verilərsə, anadan aliment tutula bilər. Aliment ödəməli olan şəxsin qadın və ya kişi olmasının hüquqi baxımdan heç bir fərqi yoxdur. Məhkəmə qərarı qüvvəyə mindikdən sonra onun icrası hər iki tərəf üçün məcburidir. Aliment öhdəliyini yerinə yetirməmək məhkəmə qətnaməsini icra etməməklə bağlı cinayət məsuliyyəti yaradır. Burada qadın, kişi fərqi yoxdur. Eyni məsuliyyət müəyyən edilib”.
S.Vəkilov qeyd edib ki, buna baxmayaraq, Azərbaycanda qadınlardan aliment tutulması hallarına çox az rast gəlinir. Bunun əsas səbəbi qanunvericilik deyil, cəmiyyətdə formalaşmış ailə dəyərləri və ənənələrdir:
“Milli adətlərə görə Azərbaycan Şərq ailə dəyərlərinə üstünlük verdiyi üçün bizim cəmiyyətdə qadınlardan aliment alınması ənənəsi yoxdur. Ancaq qeyd etdiyimiz kimi, qanunda qadın-kişi ayrımcılığı yoxdur”.
Hüquqşünas vurğulayıb ki, boşanma zamanı azyaşlı uşağın məhkəmə qərarı ilə atanın himayəsində saxlanılması müəyyən edilərsə və ananın maddi imkanları buna şərait yaradarsa, aliment öhdəliyi ana üçün də yarana bilər. Bu halda alimentin ödənilməsi və ya ödənilməməsinə görə tətbiq olunan hüquqi mexanizmlər kişilərə tətbiq edilən qaydalarla eynidir.
Beləliklə, Azərbaycan qanunvericiliyində aliment öhdəliyi cinsə görə deyil, valideynlik öhdəliyinə və məhkəmə qərarına əsasən müəyyən edilir. Qanun qarşısında qadın və kişi üçün eyni hüquqi məsuliyyət nəzərdə tutulur.













