Redaksiyamıza Radius.az-dan təkər alışına görə şikayət daxil olub.
Gündəm24.az ajans.az-a istinadən xəbər verir ki, şikayətçinin sözlərinə görə, o, şirkətin kampaniyasından yararlanaraq təkərləri daha sərfəli qiymətə almaq istəyib. O, təkərləri aldıqdan sonra daha ucuz qiymətə dəyişdirə bildiyi üçün onların quraşdırılmasını başqa yerdə həyata keçirib.
Müştərinin iddiasına görə, alış zamanı ona kampaniyanın yalnız təkərlərin Radius.az-ın mağazasında quraşdırıldığı halda qüvvədə olduğu barədə məlumat verilməyib. Şikayətçi əlavə məbləğin də bu barədə əvvəlcədən məlumatlandırılmadan hesablandığını bildirib.
Məsələ ilə bağlı Radius.az ilə əlaqə saxladıq. Şirkət nümayəndəsi bildirib ki, müştərinin məlumatları sistem üzrə yoxlanılıb və onun avqust ayında iki ədəd təkər aldığı müəyyən edilib.
Nümayəndənin sözlərinə görə, həmin təkərlərin ümumi məbləği 395 AZN təşkil edib. O, şikayətçinin 300 AZN əvəzinə 400 AZN ödəməsi ilə bağlı iddianı təsdiqləməyib.
Şirkət nümayəndəsi qeyd edib ki, təkərlərin qiyməti onların növündən, standart satış qiymətindən və mağazada quraşdırılıb-quraşdırılmamasından asılı olaraq dəyişir. Kampaniya çərçivəsində tətbiq olunan qiymətlər də seçilən məhsul və xidmətdən asılıdır.














