Sumqayıt və Xırdalan istiqamətində yeni metro xəttinin yaradılması nəzərdə tutulur. Bundan əlavə, paytaxtın metro infrastrukturunun genişləndirilməsi çərçivəsində 10 yeni metro xəttinin yaradılması planlaşdırılır.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Azərbaycan Könüllülər İctimai Birliyi və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə keçirilən “Könüllülər yol təhlükəsizliyinin təşviqində” layihəsində çıxışı zamanı bildirib.
O qeyd edib ki, hazırda “Gələcəyin ağıllı metrosu” layihəsi üzərində işlər davam etdirilir. Layihə müasir texnologiyaların tətbiqi, sərnişinlər üçün daha rahat, təhlükəsiz və innovativ metro xidmətinin formalaşdırılmasına hesablanıb.
B.Məmmədovun sözlərinə görə, bu istiqamətdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə sıx əməkdaşlıq həyata keçirilir. Məqsəd metro ilə yerüstü nəqliyyat arasında inteqrasiyanı daha da gücləndirmək, şəhərdaxili hərəkəti rahatlaşdırmaq və vətəndaşlara vahid, müasir nəqliyyat sistemi təqdim etməkdir.
Mətbuat katibi vurğulayıb ki, yaxın beş il ərzində Bakı və ətraf ərazilərin nəqliyyat infrastrukturunda ciddi dəyişikliklər baş verəcək. Həyata keçiriləcək layihələr paytaxtda mobilliyin artırılmasına, sərnişindaşımanın daha səmərəli təşkilinə və ictimai nəqliyyatın əlçatanlığının genişləndirilməsinə mühüm töhfə verəcək.
Mənbə: Yenisabah.аz














