Sumqayıtda yerləşən “Levent 2” yaşayış kompleksinin sakinləri binalarının aşağı hissəsində mərasim evinin açılmasına etiraz edirlər.
Vətəndaşlar sözügedən obyektin fəaliyyətə başlamasının sakinlərin rahatlığını pozacağını və uşaqların psixologiyasına mənfi təsir göstərəcəyini bildirirlər.
“Bütün günü burada ağlaşma səsləri eşidiləcək. Bizim burada dincəlməyimiz mümkün olmayacaq. Yaxınlıqda stadion və bulvar var, turistlər gəlir. İndi isə bu mənzərənin ortasında mərasim evi açılır”, – sakinlərdən biri söyləyib.
Məsələ ilə bağlı mövqeyini bildirən obyekt sahibi Namiq Dövlətov isə narahatlıqların əsassız olduğunu iddia edir:
“Burada heç bir səs-küy və ya ağlaşma olmayacaq, məkan izolyasiya olunub. Mən özüm də mərasim zamanı ağlamağa icazə vermirəm. Heç bir narazılıq olmayacaq və uşaqların psixologiyasına mənfi təsir göstərməyəcək”.
Mənbə: Baku Tv














