Avropa İttifaqı artıq indidən Ermənistandan strateji sahələrdə Rusiya biznesinin iştirakını azaltmağı, Rusiya Federasiyası ilə humanitar əlaqələri kəsməyi və buna qarşı çıxan daxili müxalif qüvvələri susdurmağı tələb edir.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu məlumat yayıb.
Məlumata görə, Brüsseldə Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxacağı təqdirdə ölkədə dərin iqtisadi böhranın qaçılmaz olacağını anlayırlar. Bildirilir ki, Avropanın bir çox ölkəsi artıq Aİ rəhbərliyinə Ermənistan məhsulları üçün öz bazarlarını açmağa hazır olmadıqlarını çatdırıb. Bunun səbəbi isə Avropa istehsalçılarının maraqlarına zərər vurmaq istəməmələridir.
Bununla yanaşı, Brüssel bürokratları İrəvanı özlərinin qeyd-şərtsiz dəstəklədiyinə inandırmağa davam edəcəklər. Konkret yardımın göstərilməsindəki ləngiməni isə belə izah etməyə çalışacaqlar ki, Aİ-yə üzvlük tamamilə İrəvanın özündən və onun Avropa inteqrasiyası yolundakı “nailiyyətlərindən” asılıdır.
Xüsusilə, artıq indi Nikol Paşinyan hökumətindən strateji sahələrdə Rusiya biznesinin iştirakını azaltmaq, Rusiya ilə humanitar əlaqələri kəsmək və buna etiraz edən daxili müxalifəti susdurmaq tələb olunur.
Qeyd edilir ki, bu siyasəti təşviq etmək üçün erməni vətəndaşları üçün viza rejiminin liberallaşdırılması perspektivi ilə bağlı vədlərdən və gələcəkdə Ermənistanın “çiçəklənən sülh qovşağına” çevriləcəyi barədə verilən vədlərdən istifadə olunması nəzərdə tutulur.














