Banqladeş Prezidenti Məhəmməd Şahabuddin Çuppu iyulun 25-də istefa verməyi planlaşdırır.
Ajans.az Reuters agentliyinə istinadən xəbər verir ki, 76 yaşlı dövlət başçısı qərarı barədə artıq Baş nazir Tariq Rəhmana məlumat verib.
Məlumata əsasən, qanunvericiliyə uyğun olaraq, prezidentin istefa ərizəsi müalicə aldığı Taylanddan qayıtdıqdan sonra parlamentin sədri Hafiz Uddin Əhməd tərəfindən qəbul edilməlidir. Onun cümə günü Dəkkəyə qayıdacağı gözlənilir.
Məhəmməd Şahabuddin Çuppu 2023-cü ilin aprelindən Banqladeş prezidenti vəzifəsini icra edir. 2024-cü ildə ölkədə baş verən kütləvi tələbə etirazlarından sonra Baş nazir Şeyx Hasina istefa verib, Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus isə müvəqqəti hökumətə rəhbər təyin olunub.
Qeyd edək ki, Şahabuddin ötən ilin dekabrında Reuters agentliyinə müsahibəsində müvəqqəti hökumətin fəaliyyətindən narazı olduğunu bildirərək istefa vermək istədiyini açıqlamışdı.












