Ajans.az xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, Seul Mərkəzi Rayon Məhkəməsi sabiq dövlət başçısını siyasi kampaniyaların maliyyələşdirilməsi haqqında qanunu pozmaqda təqsirli bilib.
İstintaqın iddiasına əsasən, 2022-ci il prezident seçkiləri ərəfəsində ixtisaslaşmış sorğu şirkəti Yun Sok Yol və həyat yoldaşı Kim Kon Hinin (Kim Keon-hee) xeyrinə təxminən 190 min dollar dəyərində ödənişsiz ictimai rəy sorğuları keçirib.
Müstəntiqlərin fikrincə, sorğu şirkətinin rəhbəri Myonq Te Kün (Myung Tae-kyun) bu dəstəyin qarşılığında siyasi güzəştlər əldə etməyi gözləyib.
Eyni məhkəmə Myonq Te Künü də bu iş üzrə 18 ay müddətinə azadlıqdan məhrum edib.
Qeyd olunub ki, Yun Sok Yolun həyat yoldaşı Kim Kon Hi daha əvvəl eyni ittiham üzrə həm birinci, həm də apellyasiya instansiyalarında bəraət alıb. Sabiq prezidentin vəkilləri də bu qərara istinad edərək hökmü apellyasiya qaydasında mübahisələndirəcəklərini bildiriblər.
Xatırladaq ki, Yun Sok Yol bundan əvvəl də konstitusiya quruluşuna qarşı üsyan təşkil etmək ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilmişdi. Cənubi Koreya qanunvericiliyinə əsasən, bu cinayətə görə ömürlük həbs və ya ölüm cəzası nəzərdə tutulur.
© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.