Ermənistanla Rusiya arasında gərginlik davam edir. “Hraparak” qəzeti yazıb ki, belə davam edərsə, Rusiya ya Ermənistana təbii qaz nəqlini dayandıracaq, ya da qiymətləri qaldıracaq.
Nəşr iddia edib ki, Paşinyan hökumətinin bundan narahat olmamasının başlıca səbəbi Azərbaycandır.
“Bizdə olan məlumata görə, Azərbaycan Ermənistana alternativ qaz tədarük edəcəyinə dair söz verib. Mənbəmizin sözlərinə görə, sxem belə olacaq: Azərbaycan Rusiyadan qaz alıb Ermənistana nisbətən ucuz qiymətə tədarük edəcək. Onlar yalnız ehtimal edirlər ki, Bakı qaz qiymətlərinin endirilməsini subsidiyalaşdıracaq”.
Azərbaycan qazı ermənilər üçün rus qazını əvəz edə bilərmi?
Gündəm24.az xəbər verir ki, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, professor Fikrət Yusifov Musavat.com-a məsələyə həm texniki, həm iqtisadi, həm də siyasi aspektlərdən yanaşmaq lazım olduğunu bildirib.
“İlk növbədə qeyd etmək lazımdır ki, Ermənistanın qaz təchizatında Rusiyanın rolu hələ də dominantdır. Ölkəyə idxal olunan qazın əsas hissəsi Rusiyanın nəzarətində olan infrastruktur vasitəsilə təmin edilir. Bu səbəbdən qısa müddətdə Ermənistanın Rusiya qazından tamamilə imtina etməsi və ya onu başqa mənbə ilə əvəz etməsi real görünmür. Bununla belə, nəzəri baxımdan Azərbaycan qazının Ermənistan bazarına daxil olması mümkündür. Son illərdə regionda yaranan yeni geosiyasi reallıqlar, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində aparılan danışıqlar və regional əməkdaşlıq təşəbbüsləri belə bir ehtimalı tam istisna etmir. Əgər iki ölkə arasında sülh sazişi imzalanarsa və iqtisadi əlaqələrin qurulması istiqamətində addımlar atılarsa, qaz əməkdaşlığı da gündəmə gələ bilər”.
Professorun sözlərinə görə, ancaq burada mühüm məqam ondan ibarətdir ki, Azərbaycanın Ermənistana qaz satması üçün ilk növbədə müvafiq infrastrukturun yaradılması və ya mövcud sistemlərin uyğunlaşdırılması tələb olunur: “Bundan başqa, qazın hansı marşrutla nəql ediləcəyi, kommersiya şərtləri və siyasi razılaşmalar kimi məsələlər də öz həllini tapmalıdır. “Hraparak” qəzetinin irəli sürdüyü iddiaya – Azərbaycanın Rusiyadan qaz alaraq Ermənistana daha ucuz qiymətə satacağı ssenarisinə gəldikdə isə bu model iqtisadi baxımdan müəyyən suallar yaradır. Azərbaycan özü qaz ixrac edən ölkədir və Avropa bazarına birbaşa təbii qaz tədarük edir. Belə olan halda Rusiyadan qaz alıb onu subsidiya hesabına Ermənistana satmaq iqtisadi məntiqdən daha çox siyasi qərar tələb edən məsələdir. Hazırkı şəraitdə bu ssenarinin reallaşması üçün konkret əsaslar görünmür”.
Digər tərəfdən, professorun fikrincə, Azərbaycan son illərdə etibarlı enerji təchizatçısı kimi beynəlxalq nüfuz qazanıb: “Bu gün Azərbaycan qazı bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır. Əgər gələcəkdə regionda davamlı sülh və əməkdaşlıq mühiti formalaşarsa, Azərbaycanın Ermənistanın enerji təhlükəsizliyinə də töhfə verməsi nəzəri cəhətdən mümkün ola bilər. Bu isə yalnız kommersiya maraqları deyil, həm də regional inteqrasiya və qarşılıqlı etimadın güclənməsi baxımından əhəmiyyət daşıya bilər”.














