Amerika Birləşmiş Ştatları və İran arasında üç aydır davam edən müharibənin dayandırılması barədə razılaşmanın əldə olunmasına çox az qalıb. Bu barədə yaxın saatlarda rəsmi bəyanatın veriləcəyi gözlənilir.
Gündəm24.az NOCOMMENT.az-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalının öz mənbələrinə istinadən yaydığı məlumata görə, tərəflər Pakistanın vasitəçiliyi ilə mühüm məsələlərdə ortaq məxrəcə gəliblər. Razılaşmaya əsasən, tərəflər atəşkəs elan olunması, infrastruktur obyektlərinə zərbələrin dayandırılması və yaxın yeddi gün ərzində yeni danışıqlar prosesinə başlanılması barədə öhdəlik götürürlər. Eyni zamanda ABŞ-nin İrana tətbiq etdiyi sanksiyaların mərhələli şəkildə ləğvi də müzakirə mövzusudur.
“Reuters” agentliyi isə xəbər verir ki, mümkün deeskalasiya (gərginliyin azaldılması) barədə xəbərlərin fonunda dünya maliyyə bazarlarında artıq artım müşahidə olunmağa başlayıb. İnvestorlar Vaşinqton və Tehrandan gələn hər bir siqnalı diqqətlə izləyirlər.
Buna baxmayaraq, tərəflər arasında fundamental ixtilaflar hələ də qalmaqdadır. ABŞ tərəfi gəmilərin Hörmüz boğazından sərbəst keçişinin təmin olunmasını və İranın nüvə proqramına məhdudiyyətlərin qoyulmasını tələb edir. Tehran isə zənginləşdirilmiş uranın ölkə xaricinə çıxarılmasından qəti şəkildə imtina edir.
Məhz Hörmüz boğazı ətrafındakı təhlükəsizlik risklərinə görə dünya bazarlarında neftin qiyməti yüksək həddə qalmaqda davam edir və bu vəziyyət qlobal inflyasiyanın yeni dalğası təhlükəsini qoruyub saxlayır.














