AZAL dünən yaydığı məlumatda iyun ayında Bakı–Naxçıvan–Bakı marşrutu üzrə 47 mindən çox sərnişin daşıdığını, yüksək tələbat səbəbindən biletlərin sürətlə tükəndiyini açıqladı. Şirkət bununla artan sərnişin axınını və görülən tədbirləri ön plana çıxarmağa çalışdı. Ancaq son həftələrdə baş verən hadisələr fonunda bu açıqlama daha çox ictimai narazılığı kölgədə qoymaq cəhdi təsiri bağışlayır.
Bir neçə gün əvvəl əlverişsiz hava şəraiti əsas gətirilərək Bakı–Naxçıvan və Naxçıvan–Bakı istiqamətində bir sıra reyslər ləğv edildi. AZAL bunu təhlükəsizliklə əsaslandırsa da, nəticədə yüzlərlə sərnişin saatlarla hava limanlarında gözləməli oldu. Sosial şəbəkələrdə yayılan görüntülərdə Heydər Əliyev Beynəlxalq Aeroportunda oturacaqlarda gecələyən, ürəyi gedən sərnişinlər əks olunurdu. Bu mənzərə cəmiyyət tərəfindən ciddi narazılıqla qarşılandı.
Üstəlik AZAL kimi öz peşəkarlığı ilə öyünən bir şirkətin uçuşların ləğvini hava şəraiti ilə əlaqələndirməsi (bu günlərdə ölkə ərazisində 30+ dərəcə isti hava müşahidə olunur) də ayrıca gülünc bir mövzudur. Sanki bəhanə tapmayanda günahı coğrafiyanın üzərinə yıxmaq kimi… Gülünc olan budur ki, açıqlamada Naxçıvanın coğrafi yerləşməsi və dağlıq relyefi səbəbindən bölgədə uçuşların təhlükəli olduğu bildirilir. Görəsən 35 ildir AZAL-ın uçuş etdiyi Naxçıvanın dağları daha əvvəl yox idimi? Yoxsa dağların hündürlüyümü artdı?
AZAL rəhbərliyi yəqin xəbərdar deyil ki, dünyada bundan qat-qat çətin hava şəraitinə malik ölkələrdə hər gün yüzlərlə uçuşlar həyata keçirilir. Müasir aviaşirkətlərin təyyarələri hündür And Dağlarının, Everest zirvəsinin üzərindən uçub keçir.
Görünən odur ki, yaxın günlərdə mediada Naxçıvanda AZAL-ın bəzi əməkdaşlarının hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə yayılan məlumatlar əbəs yerə deyilmiş. Həmin məlumatlarla bağlı hələ də rəsmi və ətraflı izahat verilməyib. Belə bir vaxtda ictimaiyyət daha çox şəffaflıq və cavab gözlədiyi halda, diqqətin yalnız statistik göstəricilərə yönəldilməsi suallar doğurur.
Ümumilikdə Bakı–Naxçıvan marşrutu üzrə reyslərin ləğvi, biletlərin qısa müddətdə tükənməsi və sərnişin sıxlığı artıq təkrarlanan problemə çevrilib. Düzdür, 47 min sərnişinin daşınması müəyyən əməliyyat yükünü göstərən statistikadır. Lakin sərnişin üçün əsas göstərici daşınan insanların sayı deyil, vaxtında həyata keçirilən uçuş, əldə edilə bilən bilet və göstərilən xidmətdir. Uçuş ləğv ediləndə və insanlar hava limanında gecələməli olanda, sonradan açıqlanan böyük rəqəmlər həmin narazılığı aradan qaldırmır.
İctimaiyyətin gözləntisi sadədir: problemlərin üstünü statistika ilə örtmək yox, onların səbəblərini açıq izah etmək, yaranmış vəziyyətə görə məsuliyyət nümayiş etdirmək və oxşar halların təkrarlanmaması üçün konkret tədbirləri açıqlamaq…
Məlumat üçün AZAL-ın bu günkü gülünc açıqlamasını olduğu kimi təqdim edirik:
“Azərbaycan Hava Yolları” (AZAL) 2026-cı ilin 1-16 iyun tarixlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə ümumilikdə 224 reys yerinə yetirib və 47 mindən çox sərnişinin təhlükəsiz daşınmasını təmin edib. Bu dövrdə sözügedən marşrut üzrə gündəlik reyslərin sayı 25-ə çataraq son dövrün ən yüksək göstəricilərindən birini təşkil edib.
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə həyata keçirilən müntəzəm reyslər ölkənin ən yüksək sərnişin tələbatının müşahidə olunduğu istiqamətlərdən biridir. Gün ərzində çoxsaylı reyslərin icra edilməsinə baxmayaraq, marşrut üzrə davamlı yüksək sərnişin axını səbəbindən biletlər sürətlə tükənir və bir çox hallarda yaxın uçuş tarixləri üçün sərbəst yerlər qalmır. Sözügedən istiqamət üzrə tələbat yüksək olduğundan, aviabiletləri öncədən əldə etməyən sərnişinlər hava limanına gələrək növbəti reys üçün bilet əldə etmək istədikdə çətinliklə üzləşirlər. Bu baxımdan AZAL sərnişinlərə səfərlərini öncədən planlaşdırmağı, biletlərini vaxtında əldə etməyi və uçuşlarla bağlı yenilikləri mütəmadi izləməyi tövsiyə edir.
Bununla yanaşı, hesabat dövründə Naxçıvan MR-in coğrafi yerləşməsi və dağlıq relyefi səbəbindən bölgədə müşahidə olunan meteoroloji şərait uçuş əməliyyatlarına birbaşa təsir göstərə bilir. Həmin günlərdə Naxçıvan hava limanı ətrafında müşahidə olunan qeyri-sabit hava şəraiti, xüsusilə ildırım aktivliyi və bununla əlaqədar yaranan meteoroloji risklər uçuşların təhlükəsiz icrasına maneə yaradıb. Bu səbəbdən sözügedən istiqamətdə reysləri icra edən bəzi təyyarələr Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb.
Ləğv və ya gecikmə hallarında sərnişinlərə beynəlxalq aviasiya qaydalarına və aviaşirkətin daxili prosedurlarına uyğun olaraq əlavə reys imkanları təqdim edilib, bilet dəyişdirilməsi və digər xidmətlərlə bağlı zəruri dəstək göstərilib.
Güclü külək və küləyin istiqamətinin qəfil dəyişməsi eniş və qalxma mərhələlərində əlavə risklər yaradır, ildırım aktivliyi və digər intensiv atmosfer hadisələri isə uçuş marşrutlarının dəyişdirilməsinə, uçuş müddətinin uzanmasına və əməliyyat məhdudiyyətlərinin tətbiqinə səbəb ola bilər. Eyni zamanda, görmə məsafəsinin məhdudlaşması və yüksək turbulentlik kimi amillər də uçuşların təhlükəsiz icrasına təsir edən əsas risk faktorları sırasında yer alır.
Aviasiyada əsas prioritet təhlükəsizlik olduğundan, əlverişsiz hava şəraitində uçuşların gecikdirilməsi və ya ləğvi beynəlxalq aviasiya standartlarına uyğun olaraq qəbul edilən zəruri qərar hesab olunur. Buna əsasən, AZAL-da bütün qərarlar sərnişin və ekipaj təhlükəsizliyi prioritet götürülərək qəbul edilir”.














