ABŞ ilə İran arasında Yaxın Şərqdə davam edən qarşıdurma fonunda Tehrandan gələn son açıqlama müharibənin mümkün yeni mərhələsi ilə bağlı ciddi mesaj oldu. Cənub qonşumuz açıq şəkildə bildirir ki, ABŞ tərəfindən yeni hücum baş verərsə, cavab zərbələrinin coğrafiyası əvvəlkindən fərqli olacaq, indiyədək döyüşlərdə tətbiq edilməyən silahlardan istifadə ediləcək və yeni hədəflər sıraya daxil ediləcək.
Bu açıqlama Vaşinqton-Tehran qarşıdurmasının yalnız mövcud hədəflər ətrafında davam etməyəcəyinə dair İranın verdiyi siqnal kimi diqqət çəkir. Xüsusilə “dünyanı heyrətə gətirəcək yeni silahlar” ifadəsi Tehranın hərbi imkanlarının hansı istiqamətdə inkişaf etdiyinə dair sualları artırır. Eyni zamanda, hədəflərin və münaqişə coğrafiyasının genişləndirilməsi ilə bağlı xəbərdarlıq Yaxın Şərqdəki gərginliyin daha geniş əraziyə yayılması riskini gündəmə gətirir.
Bu fonda əsas sual İranın açıqladığı yeni silahların və hədəflərin nədən ibarət ola biləcəyi və Tehranın münaqişənin coğrafiyasını hansı istiqamətlərdə genişləndirmək imkanına malik olmasıdır. Digər tərəfdən, belə bir ssenari ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektləri və regiondakı müttəfiqləri üçün hansı yeni təhlükəsizlik çağırışlarını ortaya çıxara bilər?

Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a bildirib:
“Tehrandan gələn son bəyanatlar regionda yeni və daha təhlükəli mərhələnin başlanğıc xəbərçisidir. İran rəsmilərinin və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dilindən səsləndirilən “cavab zərbələrinin coğrafiyasının dəyişəcəyi”, “indiyədək tətbiq edilməmiş silahlardan istifadə olunacağı” və “yeni hədəflərin sıraya daxil ediləcəyi” ilə bağlı mesajlar tərəflər arasında qarşıdurmanın təbiətini kökündən dəyişə biləcək siqnallardır. Bu yanaşma təkcə mövcud hərbi toqquşma xətlərinin genişlənməsini deyil, həm də qlobal miqyasda yeni təhlükəsizlik risklərinin formalaşdığını göstərir. İranın “dünyanı heyrətə gətirəcək yeni silahlar” ifadəsi ilə nəyi nəzərdə tutduğu hərbi ekspertlər arasında geniş müzakirə mövzusudur. Tehranın bu açıqlaması rəsmi olaraq detallandırılmasa da, hərbi-texniki baxımdan bir neçə ehtimalı ön plana çıxarır. Birincisi, İranın son illərdə inkişaf etdirdiyi hipersəs raket texnologiyalarının daha təkmil versiyaları və ya müasir hava hücumundan müdafiə sistemlərini dəf etmək qabiliyyətinə malik yeni PUA generasiyaları ola bilər. İkincisi, elektron mübarizə vasitələri və dənizaltı sabotaj imkanlarının artırılması ehtimal edilir ki, bu da Hörmüz boğazı başda olmaqla strateji dəniz yollarında ABŞ və müttəfiqlərinin logistikasına ciddi zərbə vurmaq məqsədi daşıyır. İran bu silahlarla həm ABŞ-nin regiondakı hərbi bazalarını, həm də strateji tərəfdaşlarının kritik infrastrukturunu hədəfə almaq gücündə olduğunu nümayiş etdirməyə çalışır”.
Hərbi ekspertin fikrincə, münaqişə coğrafiyasının genişlənməsi ehtimalı təkcə Yaxın Şərqin daxili sərhədlərini deyil, həm də qonşu regionları əhatə edən risk spektrini formalaşdırır:
“ABŞ-nin regiondakı hərbi mövcudluğu, təyyarədaşıyan qrupları və körfəz ölkələrindəki bazaları əsas hədəf olaraq qalmaqla yanaşı, Tehranın qeyri-ənənəvi müttəfiq qüvvələri vasitəsilə əməliyyat arealını Aralıq dənizi və Qırmızı dəniz hövzəsinə qədər genişləndirmək imkanları mövcuddur. Bu mürəkkəb geosiyasi tabloda ən çox müzakirə olunan məqamlardan biri də İranın regiondakı geoiqtisadi layihələrə və qonşu ölkələrə, xüsusilə Cənubi Qafqaza münasibətidir. Xüsusilə TRIPP kimi regionun nəlqiyyat və kommunikasiya xətlərini dəyişdirə biləcək layihələr fonunda İranın Ermənistana hərbi zərbə endirə biləcəyi ehtimalı tez-tez səslənir. Ancaq hərbi və siyasi məntiqə əsasən, Tehranın Ermənistana birbaşa hərbi zərbə endirməsi üçün heç bir real əsas mövcud deyil. İran Ermənistanı Cənubi Qafqazda özünün həyati əhəmiyyətli ticarət və geosiyasi nəfəsliyi, Qərblə quru əlaqələrində alternativ qapı kimi qiymətləndirir. Buna görə də Tehranın İrəvanı hədəf alması onun öz regional maraqlarına və strateji təhlükəsizlik arxitekturasına birbaşa ziddir. Ancaq genişmiqyaslı regional müharibənin başlanması halında yaranan xaos dalğası və iqtisadi-siyasi sarsıntılar dolayı yolla bütün Cənubi Qafqaz ölkələrinə, o cümlədən Ermənistana da ciddi təhlükəsizlik riskləri ötürə bilər. Nəticə etibarilə, Tehrandan gələn sərt bəyanatlar ABŞ ilə qarşıdurmada psixoloji üstünlük əldə etmək və çəkindirmə strategiyasını gücləndirmək məqsədi daşıyır. Ancaq tərəflərin ritorikanı sərtləşdirməsi Yaxın Şərqdəki mövcud böhranın nəzarətdən çıxaraq daha geniş coğrafiyaya yayılması təhlükəsini hər zaman aktual saxlayır”.













