Türkiyənin Malatya vilayətində hərbi helikopterin qəzaya uğraması nəticəsində şəhid olan 37 yaşlı baş gizir Hüseyn Zehir doğulduğu Hatay vilayətinin Payas rayonunda son mənzilə yola salınıb.
Musavat.com Türkiyə mətbuatına istinadla bildirir ki, dəfn mərasimindən sonra şəhidin ailəsinin evində ehsan süfrəsi açılıb. Lakin həmin süfrəyə təqdim edilən yeməklə bağlı yayılan iddia sosial şəbəkələrdə ciddi müzakirələrə və narazılığa səbəb olub.
İddialara görə, şəhid ailəsinin evinə göndərilən yemək Hatay Böyükşəhər Bələdiyyəsi tərəfindən təmin edilib. Sözügedən yeməyin görüntülərinin yayılmasından sonra bələdiyyənin ünvanına tənqidlər səsləndirilib.

Sosial şəbəkə istifadəçiləri bələdiyyə sədrini də paylaşımda işarələyərək, şəhid ailəsinə məhz bu yeməyin göndərilib-göndərilmədiyinə aydınlıq gətirilməsini tələb ediblər.
Yaranmış narazılıqdan sonra diqqətlər Hatay Böyükşəhər Bələdiyyəsinə yönəlib. Bələdiyyə isə məsələ ilə bağlı hələlik hər hansı açıqlama verməyib.
Xatırladaq ki, noyabrın 12-də Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunun Samanköy ərazisində S-70 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub.















