Qərbi Azərbaycan – Yelenovka (Sevan) rayonu
Yelenovka Qərbi Azərbaycanın tarixi Göyçə mahalında, Göyçə gölünün sahilində yerləşən yaşayış məntəqələrindən biri olub. Mənbələrdə yaşayış məntəqəsinin 1842-ci ildə Yelenovka adlandırıldığı, 1935-ci ildən isə Sevan adını aldığı göstərilir. Yelenovka adı XIX əsrdə burada yaradılmış rus yaşayış məntəqəsi ilə bağlı olub.
![]()
Yelenovka sonrakı dövrdə Göyçə mahalının inzibati məntəqələrindən birinə çevrilib. 1930-cu ildə Yelenovka rayon mərkəzi, 1935-ci ildə isə rayonun adı yaşayış məntəqəsinin adı ilə birlikdə Sevan formasında rəsmiləşdirilib. Beləliklə, Yelenovka adı tədricən inzibati və coğrafi xəritələrdən çıxarılıb.
![]()
![]()
![]()
Rayonun tarixi yalnız Yelenovka şəhəri ilə məhdudlaşmır. Ətraf ərazilərdə Azərbaycan türklərinin tarixini əks etdirən çoxsaylı qədim yaşayış məntəqələri, qəbiristanlıqlar və abidələr mövcud olub. Məsələn, Adaqala, Əfəndi və Allahverdibəyli kimi kəndlər Yelenovka rayonunun ərazisində yerləşib.
![]()
Rayon ərazisindəki Adaqala kəndi xüsusilə qədim tarixi ilə diqqət çəkir. Mənbələrdə kəndin 1728-ci il “İrəvan əyalətinin icmal dəftəri”ndə “Adağələk” formasında qeyd olunduğu bildirilir. Kənddə eramızdan əvvəl XVII–XVI əsrlərə aid olduğu göstərilən qədim məbədin qalıqları da olub.
Əfəndi kəndi də rayonun tarixi Azərbaycan yaşayış məntəqələrindən biri olub. Mənbələrdə burada VI–VII əsrlərə aid qəbirüstü abidələr və qədim məbəd olduğu, kənddə XIX–XX əsrin əvvəllərində yalnız azərbaycanlı əhalinin yaşadığı göstərilir. 1831-ci ildə kənddə 28, 1914-cü ildə isə 654 azərbaycanlının yaşadığı qeyd olunur.
![]()
![]()
![]()
![]()
Yelenovka rayonunun ərazisi Göyçə gölünün sahili, dağlıq relyefi və münbit düzənlikləri ilə seçilirdi. Göl tarixən Azərbaycan mənbələrində “Göyçə gölü” və “Göyçə dəniz” adları ilə tanınıb. “Sevan” adı isə sonrakı dövrdə geniş yayılıb.
1935-ci ildə Yelenovkanın adının Sevan olaraq dəyişdirilməsi ilə yanaşı, rayon ərazisindəki bir sıra Azərbaycan mənşəli toponimlər də dəyişdirilib. Məsələn, Çubuxlu – Dzovagyugh, Əfəndi – Noraşen, Ördəkli – Lçaşen, Çırçır – Varser, Şəhriz – Geğamavan, Yaycı – Dzovaber adlandırılıb.
1988-ci ildə isə Göyçə mahalının digər yaşayış məntəqələri kimi rayon ərazisində yaşayan azərbaycanlı əhali də deportasiyaya məruz qalıb. Bununla bölgənin Azərbaycanlı əhalisinin çoxəsrlik yaşayış tarixi faktiki olaraq sona çatdırılıb. Rayon ərazisindəki qədim qəbirüstü abidələrin bir hissəsinin də 1988-ci il deportasiyasından sonra dağıdıldığı və ya mənimsənildiyi barədə məlumatlar mövcuddur.
Bu gün Sevan adı ilə tanınan ərazi Göyçə mahalının tarixi yaddaşında Yelenovka adı ilə xüsusi yer tutur. Rayonun ərazisindəki qədim kəndlər, qəbiristanlıqlar, məbədlər və türk mənşəli toponimlər bu bölgənin çoxqatlı tarixinin mühüm izləridir.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
Ramiz İsmayılov














