Hindistanın Nyu-Yorkdakı BMT-dəki daimi nümayəndəliyinin üzvü Anuc Svarup Kəşmirdə etirazçıların öldürülməsini və həbs olunmasını dayandırmaq çağırışı BMT Baş Assambleyasının 3-cü komitəsinə hesabat təqdim edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, hind diplomatı Pakistanın hərbi qüvvələrinin Kəşmirin İslamabadın nəzarətində olan hissəsində seçki saxtakarlığına qarşı çıxan etirazçılara atəş açdığını bildirib. Onun iddiasına görə, bəzi etirazçılar öldürülüb, bəziləri isə həbs edilib. Toqquşmalar o qədər şiddətlənib ki, Pakistanda “Azad Kəşmir” kimi tanınan bölgədə hakimiyyət orqanları interneti bağlayıb.
Kəşmir məsələsi uzun müddətdir davam edən bir məsələdir. BMT 1947-ci ildə Britaniya Hindistanının dini baxımdan iki dövlətə bölünməsindən bəri bu məsələ ilə məşğuldur. Həmin dövrdə hətta bir növ ekspedisiya qüvvəsi – 100-dən çox hərbi və mülki işçidən ibarət Beynəlxalq Sülh Nəzarəti Komissiyası yaradılıb. Bu gün də aktiv olaraq qalır. BMT öz komanda üzvlərinə yaxşı maaş verir, lakin xidmət risklidir. Hindistan və Pakistan arasında müharibələr və atışmalar zamanı onlarla müşahidəçi həlak olub.
Amma bu gün iki dövlət arasındakı sərhəddə və Kəşmirdəki nəzarət xəttində silahlar səssizdir. Hər iki tərəf vaxtaşırı bir-birilə söz duelinə çıxır.
Hazırda Pakistanın sərəncmında olan Kəşmirdə sabitlik pozulub. Hindistanın idarə etdiyi Kəşmirdə də vəziyyətin yaxın gələcəkdə gərginləşməsi ehtimalı var. “Əl-Cəzirə” telekanalının məlumatına görə, Delhi yerli müsəlman icması üçün olduqca həssas bir məsələni – Kəşmir məscidlərində cümə xütbələrinin məzmununu həll etmək qərarına gəlib. Cammu və Kəşmir Vəqf Şurası onları standartlaşdırmağı təklif edib. Bu, bəzi yerli dini liderlər arasında qəzəbə səbəb olub. Onlar bu qərarı Hindistan hökumətinin və baş nazir Narendra Modinin şəxsən Kəşmir müsəlmanlarının işlərinə müdaxilə etmək cəhdi kimi qiymətləndiriblər.
Yeri gəlmişkən, müsəlmanlar həm Pakistan, həm də Hindistanın nəzarətində olan Kəşmirdə əhalinin əksəriyyətini təşkil edir. Buna baxmayaraq, indusların böyük əksəriyyəti üçün bu bölgə onların ölkəsinin ayrılmaz hissəsidir və Hindistan tarixinin böyük bir hissəsi bununla bağlıdır. Buna görə də, heç bir Hindistan hökuməti Kəşmiri tərk edib, bölgəni Pakistana təhvil verməyə cəsarət etməz.














