Lavrovdan Avropaya SƏRT MESAJ: “Şübhəsiz ki, müharibə aparılır”
Gündəm24.az, Anadolu Agentliyinə istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropanın Rusiyaya qarşı müharibə apardığını bildirib.
Lavrov Moskva vilayətində keçirilən Valday Diskussiya Klubunda jurnalistlərin suallarını cavablandırıb.
BBC müxbirinin Rusiyanın Avropa ölkələrinə qarşı “hibrid müharibə” aparıb-aparmadığı ilə bağlı sualına cavab verən Lavrov bunun əksinə olduğunu deyib.
“Şübhəsiz ki, bu, Avropa tərəfindən bizə qarşı aparılan müharibədir. Biz bunu uzun müddətdir deyirik”, – deyə Lavrov bildirib.
O, Rusiyanın Böyük Britaniya və Avropa ölkələri tərəfindən Ukraynaya tədarük edilən dron və raketləri məhv etdiyini vurğulayıb.
Lavrov Polşanın öz ərazisində “Patriot” raketlərinin istehsalının qurulması təklifinə də münasibət bildirib və Rusiyanın hərbi doktrinasının müvafiq müddəalarının diqqətlə öyrənilməsinin vacibliyini qeyd edib.
Rusiyalı diplomat həmçinin Rusiya ilə ABŞ arasında ikitərəfli münasibətlərdə gərginliyə səbəb olan amillərin aradan qaldırılması ilə bağlı hələlik yeni təmasların baş tutmadığını bildirib. Onun sözlərinə görə, belə təmasların vaxtı hər iki tərəf tərəfindən qiymətləndirilir.
Sədaqət Həsənova
Gündəm24.az














