Ermənistanın Baş naziri Nikol Paşinyan “Güclü Ermənistan” müxalifət fraksiyasının deputatı Edqar Kazaryana qarşı böhtan və təhqirlə bağlı məhkəmədə iddia qaldırıb.
Gündəm24.az xəbər verir ki, buna deputatın baş nazirin İkinci Qarabağ müharibəsi zamanı guya “Azərbaycana kəşfiyyat məlumatları verməsi” barədə səsləndirdiyi qalmaqallı iddialar səbəb olub.
Məhkəmə çəkişməsinə deputat Edqar Kazaryanın 27 sentyabr 2026-cı il tarixli müsahibəsi təkan verib. Həmin müsahibədə deputat iddia edib ki, 6 oktyabr 2020-ci il tarixindən sonra Azərbaycan qoşunlarının Qarabağda sürətli irəliləyişi və separatçıların mövqelərinin darmadağın edilməsi güman ki, Paşinyanın Xankəndiyə səfərindən sonra baş verib. Kazaryanın iddiasına görə, Paşinyan separatçıların Qərargah məntəqəsində iclas keçirdikdən dərhal sonra məlumatları birbaşa Azərbaycan tərəfinə ötürməyə başlayıb.
Nikol Paşinyan məhkəmə vasitəsilə bu ittihamların rəsmi şəkildə təkzib olunmasını, “Mən Azərbaycana heç bir kəşfiyyat məlumatı ötürməmişəm” mövqeyinin təsbit edilməsini və vurulmuş mənəvi ziyana görə Edqar Kazaryandan 6 milyon dram (təxminən 28 min manat) təzminat tutulmasını tələb edir.//musavat.com














