Qərbi Azərbaycan kəndləri – Hacı Qara
Hacı Qara kəndi tarixi İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonrakı dövrdə Üçkilsə (Eçmiədzin) rayonunda yerləşmiş qədim yaşayış məntəqələrindən biri olub. Kənd indiki Armavir vilayətinin ərazisində, Sərdarabad şəhərindən təxminən 32 kilometr şimal-şərqdə, Abaran çayının sahilində və dəniz səviyyəsindən təxminən 950 metr yüksəklikdə yerləşirdi.
Kəndin adı tarixi sənədlərdə də qorunub. 1590-cı ildə hazırlanmış “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə kənd “Hacı Qaralı”, XX əsrin əvvəllərinə aid Qafqazın beşverstlik xəritəsində isə “Hacı Qara” formasında qeyd edilib. Toponimin “Qara Hacılı” türk etnonimi əsasında formalaşdığı bildirilir.
![]()
Kənddə 1828-ci ilə qədər azərbaycanlılar yaşayıb. Türkmənçay müqaviləsindən sonra, 1829-cu ildə İranın Xoy vilayətindən ermənilər kəndə köçürülüb. Sonrakı statistik məlumatlarda da azərbaycanlı əhalinin kənddə qaldığı görünür: 1831-ci ildə 27, 1897-ci ildə isə 8 azərbaycanlının yaşadığı qeyd olunur.
Hacı Qara kəndinin tarixi irsi arasında VI–VII əsrlərə aid məbəd xüsusi yer tutur. Mənbələrdə kənddəki bu dini tikilinin iri yonulmuş daşlardan inşa edildiyi, ölçülərinin təxminən 3,5 metr enində, 4–4,5 metr uzunluğunda və 5 metr hündürlüyündə olduğu göstərilir. Sonrakı dövrdə məbədin bir hissəsi dağılıb və tikili yarıuçuq vəziyyətə düşüb.
XX əsrin əvvəllərində kənddə yaşayan azərbaycanlılar da deportasiya proseslərindən kənarda qalmayıb. Mənbələrdə onların erməni silahlı birləşmələri tərəfindən tarixi-etnik torpaqlarından çıxarıldığı qeyd olunur. Sonrakı illərdə kəndin demoqrafik tərkibi tamamilə dəyişib.
Kəndin adı sovet hakimiyyəti dövründə də dəyişdirilib. 3 yanvar 1935-ci ildə Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Hacı Qara adı dəyişdirilərək Aygeşad qoyulub. Hazırda yaşayış məntəqəsi Armavir vilayətinin inzibati ərazisinə daxildir.
Beləliklə, Hacı Qara adı tarixi mənbələrdə qorunmuş, Abaran çayı sahilində yerləşən qədim yaşayış məntəqələrindən biri kimi Qərbi Azərbaycanın tarixi toponimləri sırasında öz izini saxlayır. Kəndin adı, tarixi və qədim məbədi onun keçmişinə dair mühüm məlumatlar verir.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
Ramiz İsmayılov














