Sumqayıt şəhərində azyaşlı uşaqların sağlamlığına ciddi təhlükə yaradan ağır hadisə baş verib. İddialara görə, hadisə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında qeydə alınıb.
“NOCOMMENT.az” xəbər portalına daxil olan məlumata görə, sözügedən tibb müəssisəsində azyaşlılara vurulan antibiotik iynəsindən sonra onlarda kəskin əks-təsirlər – qıcolma, göyərmə və səhhətlərində ciddi ağırlaşmalar müşahidə olunub. Yayılan məlumatlara əsasən, baş verən xoşagəlməz durum nəticəsində ümumilikdə 12 uşaq zərər çəkib.
Azyaşlıların səhhətində yaranan bu cür kəskin ağırlaşmalar valideynlər arasında ciddi təşvişə və haqlı narazılığa səbəb olub. Hazırda baş verənlərin səbəbləri, uşaqlara tətbiq edilən preparatların keyfiyyəti və xəstələrin ümumi vəziyyəti ilə bağlı cəmiyyəti maraqlandıran suallara aydınlıq gətirilməyə çalışılır.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) rəsmi sorğu göndərmişik, lakin hələlik sorğumuza heç bir cavab verilməyib.














