Qeyd edim ki, avqustun 7-də Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə haqqında “Məkkə sazişi”ni imzalayıb. Sənədə əsasən, üç ölkədən hər hansı birinə edilən silahlı hücum müqavilənin bütün iştirakçılarına hərbi müdaxilə kimi qiymətləndiriləcək.
Azərbaycan və Ermənistan bir hərbi ittifaqda?
Gündəm24.az globalinfoaz-a istinadən xəbər verir ki, Fidanın Qafqaz üçün “Məkkə sazişi” tipli müdafiə mexanizminin mümkünlüyündən danışması diqqət çəkir. Əslində Azərbaycan–Ermənistan arasında sülhün əldə olunmasından sonra meydana çıxacaq təhlükəsizlik boşluğunun necə doldurulacağı məsələsi uzun müddətdir ki, gündəmdədir. Fidanın fikrində münaqişə bitdikdən sonra regionda əvvəlki təhlükəsizlik balansı qala bilməz və yeni reallığa uyğun yeni mexanizmlər formalaşmalıdır.
“Məkkə sazişi”nin Qafqaza nümunə göstərilməsi də təsadüfi deyil. Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında yaradılan model qarşılıqlı müdafiə öhdəliyinə əsaslanır. Fidanın öz izahında bu mexanizmin məqsədi konkret düşmənə qarşı birləşməkdən daha çox, iştirakçı ölkələrin bir-birinə qarşı təhlükə yaratmamasını və bir-birinin təhlükəsizliyinə təminat verməsini institusional şəkildə rəsmiləşdirməkdir. Yəni söhbət hərbi ittifaqdan yox, regiondakı dövlətlər arasında yeni təhlükəsizlik etimadı yaratmaq cəhdindən gedə bilər.
İrəvan üçün incə detal
Azərbaycan və Ermənistan arasında 30 ildən artıq davam edən münaqişə və müharibə vəziyyətini nəzərə alsaq, H.Fidanın yanaşması məntiqlidir. Keçmişdə bir-birini təhlükə kimi görən dövlətlərin gələcəkdə eyni təhlükəsizlik mexanizminin iştirakçısına çevrilməsi sülhün siyasi nəticəsini daha dərin strateji dəyişikliyə çevirə bilər.
Azərbaycan belə bir müdafiə paktında yer ala bilər. Prinsipcə Bakı NATO yada KTMT kimi hərbi ittifaqlara məsafə ilə yanaşsa da, müdafiə paktlarına məsafəli deyil. Xüsusilə söhbət Cənubi Qafqazda təhlükəsizlik və regionun müdafiəsindən gedirsə, bu təklif dəyərləndirilə bilər. Lakin burada Ermənistanın mövqeyi Azərbaycanla eyni olmaya bilər. İrəvanın indiki siyasəti bir təhlükəsizlik mərkəzindən digərinə keçməkdən daha çox, öz manevr imkanlarını genişləndirmək üzərində qurulur. Buna görə Türkiyənin təklif etdiyi mexanizm Ermənistan üçün yalnız o halda məqbul görünə bilər ki, bu struktur Azərbaycan və Türkiyənin dominant olduğu hərbi blok təsiri yaratmasın. Əks halda Ermənistan sülh sazişindən sonra belə özünü başqa bir təhlükəsizlik asılılığının içində görə bilər.
Regionun xəritəsi dəyişir
Daha real ssenari əvvəlcə müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi, birgə təlimlər, informasiya və kəşfiyyat mübadiləsi, sərhəd təhlükəsizliyi, nəqliyyat xətlərinin qorunması və müdafiə sənayesi üzrə əlaqələrin genişləndirilməsidir. Etimad artdıqca bunun təhlükəsizlik mexanizminə çevrilməsi mümkündür. Yəni Türkiyə faktiki olaraq müdafiə paktından öncə onun siyasi zəminini yaratmalıdır.
Bununla belə, Azərbaycan–Ermənistan sülhü regionun kommunikasiya xəritəsini dəyişə bilər. Zəngəzur istiqamətində bağlantıların, Azərbaycan-Ermənistan sərhədinin açılması imkanlarının və Türkiyə ilə Azərbaycan arasında nəqliyyat əlaqələrinin genişlənməsi Cənubi Qafqazı daha böyük iqtisadi məkanın bir hissəsinə çevirə bilər. Belə bir şəraitdə təhlükəsizlik artıq yalnız sərhədlərin qorunması məsələsi olmayacaq. Magistralların, dəmir yollarının, enerji infrastrukturlarının, logistika mərkəzlərinin və ticarət marşrutlarının təhlükəsizliyi də regional təhlükəsizlik gündəliyinə daxil olacaq. Türkiyənin müdafiə mexanizmi ideyası bu iqtisadi perspektivlər nəzərə alındıqda heç də mümkünsüz deyil.














