İnsan ömrünün dəyəri yaşadığı illərin sayı ilə deyil, arxasında qoyduğu xeyirxah əməllər, qazandığı hörmət və insanların qəlbində yaratdığı izlə ölçülür. Elə insanlar var ki, onların adı təkcə ailəsinin deyil, bütöv bir cəmiyyətin yaddaşına yazılır. Zaman Barat oğlu İsgəndərov da belə şəxsiyyətlərdəndir. Ömrünün doxsan baharını arxada qoyan bu nəcib insan zəhməti, xeyirxahlığı, vətənpərvərliyi və insanlara sonsuz sevgisi ilə bütöv bir nəslin hörmət və ehtiramını qazanmışdır.
1936-cı il iyunun 20-də Qərbi Azərbaycanın qədim yurd yerlərindən olan Qarakilsə( Sisyan) rayonunun Ağudi kəndində dünyaya göz açan Zaman İsgəndərov hələ uşaqlıq illərindən halal zəhmətin, düzlüyün və mərdliyin nə olduğunu öyrənmişdir. Zəhmətlə yoğrulan həyat yolu onu sınamamış, əksinə, daha da möhkəmləndirmiş, insanlara sevgi, torpağa bağlılıq və xeyirxahlıq kimi ali keyfiyyətləri xarakterinin ayrılmaz hissəsinə çevirmişdir.
Ömrü boyu doğulub boya-başa çatdığı Qərbi Azərbaycan torpaqlarına xüsusi sevgi və bağlılıq hissi ilə yaşayan Zaman müəllim harada yaşamasından asılı olmayaraq, özünü həmişə Qərbi Azərbaycanın yetirməsi hesab etmişdir. Ata-baba yurdu olan Ağudi kəndinin adət-ənənələrini, milli-mənəvi dəyərlərini yaşatmağı özünə mənəvi borc bilmiş, doğma el-obanın xatirələrini daim qəlbində yaşatmışdır. O, qədim Türk-Oğuz yurdu olan Ağudi ilə qürur duymuş, doğma torpaqlara qayıdış arzusunu heç vaxt itirməmişdir.
1958-ci ildə Ağdam Kənd Təsərrüfatı Texnikumunu bitirərək əmək fəaliyyətinə başlayan Zaman İsgəndərov sonralar D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda ali təhsil almış, əmtəəşünaslıq və ərzaq mallarının ticarətinin təşkili sahəsində peşəkar mütəxəssis kimi formalaşmışdır.
1964-cü ildən etibarən taleyini Sumqayıt şəhəri ilə bağlayan Zaman İsgəndərov ömrünün ən məhsuldar və ən mənalı illərini bu şəhərin inkişafına həsr etmişdir. Sadə satıcı kimi başladığı əmək yolunda dürüstlüyü, zəhmətsevərliyi, insanlara qayğıkeş münasibəti və yüksək təşkilatçılıq qabiliyyəti sayəsində Sumqayıt Univermağının direktoru vəzifəsinə qədər yüksəlmişdir. O, 34 il ərzində şəhərin ticarət həyatında təkcə rəhbər kimi deyil, həm də sözü keçən ağsaqqal, xeyirxah insan və yüzlərlə ailənin etibar etdiyi şəxs kimi tanınmışdır.
Onun təsis etdiyi “Cavid” Ticarət Mərkəzi yalnız iqtisadi fəaliyyət məkanı deyil, həm də yüzlərlə insanın ruzisinin, ailə səadətinin və ümidlərinin ünvanına çevrilmişdir. Çünki Zaman İsgəndərov üçün sərvətin əsl ölçüsü qazanılan var-dövlət deyil, insanlara verilən çörək, göstərilən qayğı və edilən yaxşılıqlar olmuşdur.
Xeyirxahlıq onun həyat fəlsəfəsinə çevrilmişdir. Şəhid ailələrinə, qazilərə, Qarabağ müharibəsi veteranlarına, qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğı, ehtiyac sahiblərinə uzatdığı yardım əli yüzlərlə ailənin yaddaşında minnətdarlıqla yaşayır. O, insan dərdinə şərik olmağı, ehtiyacı olanlara dayaq durmağı ən böyük mənəvi borc hesab etmişdir.
Birinci Qarabağ müharibəsinin çətin və ağrılı günlərində də Vətənin çağırışına biganə qalmayan Zaman İsgəndərov ordumuza dəstək göstərmiş, Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin batalyonuna şəxsi vəsaiti hesabına yeni “ZİL” markalı yük avtomobili hədiyyə etmişdir. Bu addım onun Vətənə bağlılığının, dövlətə sədaqətinin və xalqına olan sonsuz sevgisinin parlaq nümunəsi olmuşdur.
Onun xeyirxahlıq salnaməsinin səhifələri olduqca zəngindir. Sumqayıt şəhərinin 3-cü və 11-ci mikrorayonlarında salınan yaşıllıq zolaqları, əkilən ağaclar, abadlaşdırılan ərazilər bu gün də onun təbiətə və insanlara olan sevgisini yaşadır. Xızı rayonunda məcburi köçkünlərin məskunlaşdığı yaşayış məntəqələrində yolların çəkilməsi, bulaqların və dəyirmanların tikilməsi, yüzdən artıq ailənin elektrik enerjisi borclarının ödənilməsi isə onun mərhəmətinin və səxavətinin unudulmaz nümunələrindəndir.
Zaman Barat oğlu İsgəndərov təkcə Sumqayıt şəhərinin tanınmış ağsaqqallarından biri deyil, həm də Qərbi Azərbaycanın yetirdiyi ləyaqətli ziyalılardandır. O, ömrü boyu Qərbi Azərbaycan həqiqətlərinin yaşadılmasına, doğma yurd xatirələrinin gələcək nəsillərə çatdırılmasına xüsusi önəm vermişdir. İnsan üçün doğulduğu torpaq yalnız bir məkan deyil, həm də milli yaddaş, mənəvi kök və müqəddəs əmanətdir. Zaman müəllim də bu müqəddəs əmanətə sədaqətlə yanaşaraq Qərbi Azərbaycan ruhunu övladlarına, nəvələrinə və ətrafındakı insanlara ötürən ağsaqqallardan olmuşdur.
Bu gün doxsan yaşın müdriklik zirvəsindən keçdiyi həyat yoluna nəzər salan Zaman Barat oğlu İsgəndərov üçün ən böyük sərvət insanların sevgisi, qazandığı hörmət və yetişdirdiyi böyük ailəsidir. O, üç övladın, səkkiz nəvənin və üç nəticənin sevimli atası, babası və ağsaqqalıdır.
Əslində isə onun qazandığı ən böyük mükafat heç bir orden və medalla ölçülmür. Bu mükafat insanların qəlbində yaşamaq, xeyirxahlıqla xatırlanmaq və sağlığında əfsanəyə çevrilməkdir. Çünki bəzi insanlar dünyadan köçdükdən sonra xatırlanır, bəzi insanlar isə hələ sağ ikən əməlləri ilə yaddaşlara həkk olunur. Zaman Barat oğlu İsgəndərov da belə insanlardandır.
Əminik ki, ömrünün doxsanıncı zirvəsinə ucalan Zaman müəllimin ən böyük arzularından biri də ata-baba yurdu Ağudini yenidən görmək, Qərbi Azərbaycan torpaqlarında üçrəngli Azərbaycan bayrağının əzəmətlə dalğalandığı günlərin şahidi olmaqdır. Bu müqəddəs qayıdış arzusu onun kimi yüz minlərlə Qərbi azərbaycanlının qəlbində yaşayan müqəddəs bir amal olaraq qalmaqdadır.
Halal zəhmətlə ucalan, xeyirxahlıqla şöhrət qazanan, insanlıqla sevilən bu şərəfli ömür yolu gələcək nəsillər üçün əsl həyat məktəbi, mənəvi sərvət və örnəkdir. Çünki insan ömrünün həqiqi mənası yaşadığı illərdə deyil, insanlara bəxş etdiyi yaxşılıqlarda yaşayır.
90 illik şərəfli ömrünüz mübarək olsun, hörmətli Zaman müəllim! Uca Tanrı Sizə möhkəm can sağlığı, firavan ömür və doğmalarınızın əhatəsində xoşbəxt günlər nəsib etsin. Xeyirxahlıqla yoğrulan ömür yolunuz, insanlara bəxş etdiyiniz mərhəmət və Vətənə olan sonsuz sevginiz daim ehtiramla xatırlanacaq.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi













